×
A
A
A
Sazlamalar

Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 9 avqust tarixli
Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

Bu Dövlət Proqramı “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilərək həyata keçirilmiş “2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın davamı olaraq hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 150 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına imkan vermişdir.
Ötən dövr ərzində icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün proqram təminatı modulu hazırlanmış və ölkə üzrə bütün ambulator xidmət göstərən tibb müəssisələrində tətbiq edilmişdir. Hazırlanmış proqram təminatı modulunun mövcud elektron sağlamlıq kartı sisteminə inteqrasiyası təmin edilmişdir.
Eyni zamanda, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq klinik protokollar və təlimatlar hazırlanmışdır.
Dövlət Proqramı çərçivəsində hər il uşaq əhalisinin 95 %-dən çoxu tibbi müayinədən keçirilmiş, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınmış, onların arasında müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur.
Bununla belə, respublikada uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılmasına ehtiyac vardır.
Dövlət Proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə, kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini və əhali arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.

2. Dövlət Proqramının məqsədi

2.1. Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.
2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
2.2.1. tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi;
2.2.2. dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi;
2.2.3. uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi;
2.2.4. uşaqların dispanserizasiyasını həyata keçirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması;
2.2.5. uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədi ilə aparılan maarifləndirmə işinin gücləndirilməsi.

3. Dövlət Proqramının maliyyələşdirilməsi

3.1. Dövlət Proqramının icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

4. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

4.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
4.1.1. uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi;
4.1.2. uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması;
4.1.3. dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsi;
4.1.4. uşaq ölümünün azaldılması;
4.1.5. uşaqların sağlam həyat tərzi istiqamətində maarifləndirilməsi;
4.1.6. uşaqların dispanserizasiyasının əhəmiyyəti barədə əhalinin məlumatlandırılması.

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra

№-si

Tədbirlər

İcraçı orqanlar

İcra müddəti (illər üzrə)

5.1. Dövlət Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər

5.1.1.

İcbari dispanserizasiya ilə əhatə olunmalı və dispanserizasiya ilə əhatə olunmuş uşaqların qeydiyyatının aparılması

Səhiyyə Nazirliyi

2018-2022

5.1.2.

Dispanserizasiya zamanı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin elektron qeydiyyatının aparılması

Səhiyyə Nazirliyi

2018-2022

5.1.3

Dispanserizasiya ilə əhatə olunan uşaqların registrinin təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2018-2019

5.2. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi

5.2.1.

Uşaqlara tibbi xidmətlər göstərən ilkin səhiyyə müəssisələrinin lazımi avadanlıq, laborator və tibbi ləvazimatlarla, eləcə də kompüter texnikası ilə davamlı təchiz edilməsi

Səhiyyə Nazirliyi

2018-2022

5.2.2.

Tibbi müayinələrin aparılması üçün təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələrinin müvafiq avadanlıqlarla təchiz edilməsi 

Təhsil Nazirliyi

2018-2022

5.3. Uşaqlar arasında yayılan xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyası

5.3.1.

Uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi və qiymətləndirilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.3.2.

Uşaqlarda təcili və təxirəsalınmaz vəziyyətlərin yaranmasına səbəb olan (ürək-damar, tənəffüs çatışmazlıqları və s.) xəstəliklər üzrə metodik sənədlərin və müalicə-diaqnostika alqoritmlərinin işlənilib hazırlanması

 

Səhiyyə Nazirliyi

2018-2020

5.3.3.

Xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2018-2022

5.3.4.

 Uşaqlara göstərilən tibbi xidmətin həcminin və keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması

Səhiyyə Nazirliyi

2018-2022

5.3.5.

Çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi və müalicəsinin təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Səhiyyə Nazirliyi

2018-2022

5.3.6.

Dispanserizasiya məqsədi ilə aparılan tibbi müayinələr zamanı aşkar edilən xəstə uşaqların ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi

2018-2022

5.3.7.

Qurd invaziyasına görə məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə uşaqların vaxtaşırı ambulator müayinəyə və müalicəyə cəlb edilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi

2018-2022

5.3.8.

 Uşaqların inkişafının monitorinqi üzrə metodik tövsiyələrin ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri tərəfindən tətbiq edilməsinin təşkili

 

Səhiyyə Nazirliyi

2018-2020

5.3.9

Tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2018-2022

5.3.10

Yeniyetmələrin psixonevroloji və psixoloji skrininqlərinin aparılması

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi

2018-2020

5.4. Kadr hazırlığı

5.4.1.

Uşaqlar arasında nadir hallarda rast gəlinən xəstəliklər barədə həkimlər və orta tibb işçiləri üçün seminarların və treninqlərin təşkil edilməsi

 

Səhiyyə Nazirliyi

2018-2020

5.4.2.

Uşaqlar arasında xəstəliklərin profilaktikası və müalicəsi, fəsadlarla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq (o cümlədən yerli mütəxəssislərin xaricdə təlim keçməsi)

Səhiyyə Nazirliyi

2018-2020

5.4.3.

Uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə müasir tibbi təhsil proqramlarının tətbiqi

Səhiyyə Nazirliyi

2018-2022

5.4.4.

 Uşaqlarda inkişaf pozuntularının erkən aşkarlanması və erkən müdaxilə sahəsində həkimlər və orta tibb işçiləri üçün seminarların və treninqlərin təşkil edilməsi

Səhiyyə Nazirliyi

2018-2022

5.5. İcbari dispanserizasiya sahəsində maarifləndirmə

5.5.1.

İcbari dispanserizasiyanın uşaqların sağlamlığının qorunmasında roluna dair videomaterialların hazırlanması, bukletlərin, plakatların və digər əyani vəsaitlərin çap etdirilməsi

Səhiyyə Nazirliyi

2018-2022

5.5.2.

Təhsil müəssisələrində təhsilalanlar arasında dispanserizasiyanın mahiyyəti barədə maarifləndirmə işinin aparılması

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

2018-2022

5.5.3.

Uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə əhali arasında xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə maarifləndirmə işinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi

 

2018-2022

5.5.4.

Dispanserizasiya məqsədi ilə müayinələr aparılan zaman uşaqlar və valideynlər arasında sağlam həyat tərzi, xəstəliklərin risk amilləri və xəstəliklərin erkən simptomları üzrə maarifləndirmə materiallarının yayılması

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi

2018-2020

Sərəncamlar 2018-08-09 18:59:00