×
A
A
A
Sazlamalar

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlar üçün “bir pəncərə” sistemi formalaşacaq

Bakı, 4 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara müasir innovasiyaları tətbiq etməklə biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində zəruri səyyar xidmətlər göstərəcək. Bu xidmətlər qurumun nəzdində yaradılacaq “KOB evləri”, “KOB dostları” şəbəkəsi və “KOB könüllüləri” vasitəsilə reallaşdırılacaq.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, sahibkarlara elektron platformadakı xidmətlərdən istifadə imkanı da yaradılacaq: “Plana əsasən, yeni “E-KOB evi” portalında “Sahibkarın elektron kabineti” bölməsi və “Elektron sahibkar” sistemi “KOB e-şəbəkəsi”nə daxil edilməklə, elektron xidmətlər mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq. Bununla yanaşı, biz göstərilən hər bir xidməti təhlil edib qiymətləndirəcək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcəyik”.
O.Məmmədov qeyd edib ki, bu fəaliyyətlərin məntiqi nəticəsi olaraq, KOB-lar üçün “bir pəncərə” sistemi formalaşacaq. Sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyət göstərən şəxslər bunun sayəsində lazım olan xidmətləri və zəruri dəstəyi vahid məkandan ala biləcəklər.

Biznes 2018-08-04 11:19:00