×
A
A
A
Sazlamalar

Görkəmli kino xadimlərinin xatirəsi yad olunub

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi 2 avqust - Milli Kino Günü ilə əlaqədar professional təhsil almış ilk Azərbaycan rejissorlarından Səməd Mərdanovun Yasamal qəbiristanlığında məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə rejissorun həyat və yaradıcılığından söz açıb. Diqqətə çatdırıb ki, cəmi 30 il ömür yaşamasına baxmayaraq, Səməd Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərib. O, ilk sovet kinokomediyalarından olan “Mavi dənizin sahilində” filminin rejissoru olub.
Sonra kollektiv birinci Fəxri xiyabana gələrək milli kinomuzun inkişafında mühüm xidmətləri olan görkəmli sənət adamlarının məzarlarını ziyarət edib. Burada Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Əjdər İbrahimov, Rəşid Behbudov, Mustafa Mərdanov, Cəfər Cabbarlı, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Maqsud İbrahimbəyov, Məmməd Qurbanov, Leyla Bədirbəyli, İsa Hüseynov, Müslüm Maqomayev, Cahangir Cahangirov, Bəşir Səfəroğlu və digər sənətkarların məzarları üzərinə tər çiçəklər düzülüb.
“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov çıxış edərək bildirib ki, Azərbaycan kinosunun 120 illik yubileyi ərəfəsində milli kinomuzun inkişafında xidmətləri olan insanları yad etmək həm də onları gənc nəslə tanıtmaqdır.
Mərasimdə Xalq artistləri Rasim Balayev, Şamil Süleymanlı, Əməkdar artistlər Elxan Qasımov, Ənvər Həsənov mərhum sənətkarların yaradıcılığından söz açıblar, xatirələrini bölüşüblər.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan kinosu böyük tarixə malikdir və ötən dövr ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid maraqlı filmlər çəkilib. Bu filmlər ölkəmizdə, keçmiş sovetlər məkanında və eləcə də ittifaqın sərhədlərindən kənarda nümayiş olunub, rəğbətlə qarşılanıb. Bu Azərbaycan kinematoqrafiyası dünya kino sənətinin ayrılmaz hissəsidir.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. O da bildirilib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bu sahənin inkişafı istiqamətində mühüm işlər görülüb.
Əlamətdar gün münasibətilə ölkəmizin kino ictimaiyyətinin nümayəndələri tərəfindən ikinci Fəxri xiyabanda uyuyan kino xadimlərinin də məzarları ziyarət olunub.
Anım mərasimində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, eləcə də “Salnamə”, “Yaddaş”, “Debüt”, “Mozalan” studiyaları və Nizami Kino Mərkəzinin əməkdaşları iştirak ediblər.
Mərasim iştirakçıları Ağasadıq Gəraybəyli, Adil İsgəndərov, Rasim Ocaqov, Həsən Məmmədov, Siyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Məlik Dadaşov, Nəcibə Məlikova, Məmməd Əlili, Əliabbas Qədirov və digər görkəmli kino xadimlərinin məzarlarını ziyarət ediblər. Məzarların önünə tər güllər düzülüb. Korifey sənətkarların Azərbaycan kino sənətinin inkişafında misilsiz xidmətləri xatırlanıb. Onların yaratdığı filmlərin, obrazların indi də hər bir azərbaycanlı ailəsində sevə-sevə izlənildiyi vurğulanıb.

Teatr və kino 2018-08-01 12:32:00