×
A
A
A
Sazlamalar

Qaxda dini radikalizmlə mübarizəyə və birgə fəaliyyətin təşkilinə dair seminar-müşavirə işini davam etdirib

Bakı, 24 iyul, AZƏRTAC
Qaxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə iyulun 24-də işini davam etdirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclərin, müəllimlərin, yuxarı sinif şagirdlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri seminar-müşavirənin ikinci günündə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Seminar-müşavirədə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova mövzunun aktuallığından danışıb. Bildirib ki, radikal qruplar milli mənəvi dəyərlərimizə zidd çıxışlar edir, gənclərimizi öz məkrli niyyətlərini həyata keçirməkdə vasitəyə çevirirlər. Bütün bunların kökündə dini bilgilərin aşağı olması dayanır. Vurğulayıb ki, məhz buna görə də Dövlət Komitəsinin keçirdiyi bu cür tədbirlər cəmiyyətdə sağlam dini maarifləndirmənin aparılması baxımından çox əhəmiyyətlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizin son illər qazandığı uğurlardan danışıb. Qeyd edib ki, bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin banisi olduğu hərtərəfli inkişaf strategiyasının bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq işləri bəzi beynəlxalq gücləri, maraqlı dairələri narahat etməkdədir.
Gənc nəslin tərbiyəsində milli mənəvi dəyərlərimizin xüsusi rol oynadığını diqqətə çatdıran S.Salahlı qeyd edib ki, bu dəyərlər vətənpərvərlik hisslərinin formalaşmasında böyük əhəmiyyət daşıyır. Bildirib ki, dini radikalizm, ekstremizm, fanatizm və mövhumat kimi mənfi meyillərin təsiri altına düşməmək üçün gənclər elm və təhsilə daha çox diqqət ayırmalı, bütün dünyada gedən elmi-texnoloji tərəqqini dərindən izləməli və bu inkişafa töhfələrini verməyə çalışmalıdırlar.
Dövlət Komitəsinin dini maarifləndirmə şöbəsinin əməkdaşı Orxan Maşayev dini radikalizmin yaranma tarixindən və səbəblərindən söhbət açıb. Qeyd edib ki, radikal ideologiya daşıyıcılarının əsas hədəfi hər zaman gənclər olublar. Buna görə də xüsusilə gənclər elmi biliklərini artırmaqla yanaşı, mötəbər mənbələrdən yararlanaraq təməl dini bilgilərə də yiyələnməyə çalışmalıdırlar. O.Maşayev, eyni zamanda, dini radikal qrupların təbliğat metodlarından da bəhs edib.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Din 2018-07-24 15:45:00