×
A
A
A
Sazlamalar

Sentyabrda Almatıda "KazBuild 2018" tikinti materialları sərgisi keçiriləcək

Bakı, 20 iyul, AZƏRTAC
Sentyabrda Almatı şəhərində "KazBuild 2018" tikinti materialları sərgisi keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məlumatı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iyulun 20-də Bakıda keçirilən İxracatçılar Klubunun iclasında deyib.
İclasda müsabiqə yolu ilə seçilmiş tikinti məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-yə yaxın şirkətin nümayəndələri iştirak edib.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələnməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı rol oynadığını vurğulayıb. Bildirilib ki, "Made in Azerbaijan" brendinin təşviqi istehsalın artırılması, ixracın coğrafiyasının və həcminin genişləndirilməsində əsas rol oynayan mexanizmlərdəndir.
Tikinti sənayesinin qeyri-neft sektorunun mühüm sahələrindən olduğunu qeyd edən Yusif Abdullayev cari ilin sentyabr ayında Qazaxıstanın Almatı şəhərində keçiriləcək "KazBuild 2018" tikinti materialları sərgisi barədə danışıb. Diqqətə çatdırılıb ki, bu istiqamətdə rəqabətqabiliyyətli məhsul istehsalı və ixracın genişləndirilməsi məqsədilə beynəlxalq sərgilərdə iştirak xüsusilə əhəmiyyətlidir.
Sonra İxracatçılar klubunun icraçı direktoru Zöhrab Qədirov "KazBuild 2018" sərgisi haqqında ətraflı məlumat verib. Tədbir çərçivəsində sahibkarlarla sərgidə iştiraka dair müzakirələr aparılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Biznes 2018-07-20 17:09:00