×
A
A
A
Sazlamalar

Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir

Bakı, 20 iyul, AZƏRTAC

Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü, pastor Qorthart Günter Valter Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə komitənin sədr müavini Səyavuş Heydərov milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə tolerantlığı ilə nümunəvi olan Azərbaycanın multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi uğurlardan bəhs edib. O vurğulayıb ki, dinlərarası münasibətlərdə böhran yaşayan, islamofobiya, antisemitizm kimi halların artdığı bir zamanda dövlət xüsusi tarixi, mənəvi əhəmiyyəti olan müxtəlif dini ibadətgahların bərpasına və inşasına diqqət ayırır. Dövlət-din münasibətləri istiqamətindəki siyasətin tərkib hissəsi olaraq dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir, mütəmadi olaraq maliyyə yardımı ayrılır.
Qorthart Günter Valter ölkəmizdə olduğu müddətdə tolerant mühitin əyani şahidi olduğunu söyləyib. O, Azərbaycanda mövcud olan dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin bu gün bütün dünyada örnək kimi qəbul edilməsinin təsadüfi olmadığını vurğulayıb.

Din 2018-07-20 17:01:00