×
A
A
A
Sazlamalar

Dini icmalarda Quran kursları fəaliyyət göstərəcək

Bakı, 18 iyul, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini maarifləndirmə və təhsil sahəsində məqsədyönlü fəaliyyətini davam etdirməkdədir.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə iyulun 18-də QMİ-də İdarənin təşkilati tabeçiliyində olan dini icmalarda gənclərin və yaşlıların “Qurani-Kərim”i öyrənmə kurslarının - Quran kurslarının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.
Görüşdə QMİ sədrinin birinci müavini Hacı Salman Musayev, QMİ Aparatının rəhbəri Simran Həsənov, İdarənin fətva və moizə şöbəsinin müdir müavini Əhliman Rüstəmov, müvafiq bölgə qazıları, səlahiyyətli nümayəndələr və kurslarda çalışacaq müəllimlər iştirak ediblər.
Hacı Salman Musayev bildirib ki, Quran kursları yalnız məscidlərdə və onlara məxsus olan köməkçi tikililərdə bir tədris ili müddətinə təşkil edilir. Quran kurslarında tədris Azərbaycanda təhsil alan ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı, habelə QMİ tərəfindən icazə verilən digər şəxslər tərəfindən aparılacaq.
Bildirilib ki, Quran kurslarının tədris proqramı və tədris müddəti artıq QMİ tərəfindən təsdiq olunub və yaxın zamanlarda idarəyə müraciət etmiş digər dini icmalarda da Quran kurslarının fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Simran Həsənov qeyd edib ki, Quran kursları “Dini etiqad azadlığı haqqında” Qanuna, eləcə də QMİ-nin Nizamnaməsinə əsasən fəaliyyət göstərəcək. QMİ kursların açılması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) məlumat verib.
Vurğulanıb ki, Quran kurslarının təsdiq edilmiş proqramlar əsasında fəaliyyəti üçün dini qurumun rəhbəri, QMİ-nin bölgə qazısı və rayon üzrə səlahiyyətli nümayəndəsi şəxsən məsuliyyət daşıyır və dini icma Quran kurslarının yekunları barədə hər dəfə QMİ-yə yazılı hesabat və DQİDK-nın bölgə şöbəsinə yazılı məlumat təqdim edəcək. S.Həsənov Quran kurslarına aid digər hüquqi məsələlərə də aydınlıq gətirib.
Əhliman Rüstəmov Quran kursu rəhbərlərinə bu kursların açılması barədə QMİ-nin müvafiq əmrini, idarənin təsdiq etdiyi Quran kurslarının təşkili haqqında Əsasnaməni, tədris proqramını və digər müvafiq sənədləri təqdim edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Din 2018-07-18 17:32:00