×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib

Bakı, 17 iyul, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 4-cü mikrorayon Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu ünvanda doqquzmərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı binanın və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı binanın fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilib, hər iki binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Məhəllədə yaşıllaşdırma işləri aparılıb və həyətə həmişəyaşıl ağaclar əkilib. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün 5 söhbətgah və 20 oturacaq quraşdırılıb. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman meydançası quraşdırılıb. Binaların həyətlərində əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan, lakin özbaşına zəbt edilmiş ərazilərin çəpərləri sökülərək 2,5 hektar ərazidə asfaltlama və təmizlik işləri aparılıb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərlə görüşdə bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda sakinlərin rahatlığı üçün genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. İcra hakimiyyəti tərəfindən hazırda rayonun ayrı-ayrı ünvanlarında binaların fasadlarında əsaslı təmir, həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 ünvanlarında yaşayan sakinlər Humay Pənahova, Həbib Vəliyev, Samirə Abbasova, Fatma Həsənova və digərləri çıxış edərək həyətlərində aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Cəmiyyət 2018-07-17 18:30:00