×
A
A
A
Sazlamalar

Bu ilin altı ayında Cəlilabadda aqrar bölmədə uğurlu nəticələr qazanılıb

Cəlilabad, 17 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı yanında geniş Şura iclasında 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən iclasda rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov hesabat məruzəsi ilə çıxış edib.
Bu ilin birinci yarısında rayonda iqtisadiyyatın möhkəmləndirilməsi, sosialyönümlü layihələrin həyata keçirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üçün stimul olduğunu vurğulayan N.Zeynalov bu müddət ərzində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edildiyini bildirib.
Qeyd olunub ki, əlverişsiz hava şəraitinə baxmayaraq rayonda altı ay ərzində 141,9 min ton buğda, 6,4 min ton arpa, 5,5 min ton vələmir, 4,2 min ton noxud, 576 ton mərci, 102,5 min ton kartof və 3,9 ton tərəvəz istehsal olunub. Hazırda sahələrdə məhsul yığımı davam edir. Cəlilabadlı üzümçülər isə 1331 hektar sahədə yetişdirdikləri bol və keyfiyyətli məhsulu bazara çıxarmağa hazırlaşırlar.
Ölkə başçısının tapşırığına əsasən pambıq yetişdirmək üçün Cəlilabad rayonunda 505 hektar torpaq müəyyənləşdirilib. Pambıq əkini vaxtında aparılıb və sahələrin suvarılması üçün zəruri işlər görülüb.
Rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tingi əkilib. Cari ildə kümçülər tərəfindən 1172 kiloqram yaş barama istehsal edilərək “Azəripək” ASC-yə təhvil verilib.
Bildirilib ki, heyvandarlığın inkişafına göstərilən qayğı nəticəsində rayon üzrə qaramalın sayı 99121, davarların sayı 122978, quşların sayı isə 879277 başa çatdırılıb. Yarım ildə rayonda 8,2 min ton ət, 38,1 min ton süd və 11,3 milyon ədəd yumurta istehsal edilib.
Bu müddətdə lizinq yolu ilə xaricdən 629 baş cins düyə gətirilib, 2051 baş heyvan süni mayalandırılıb və 1213 baş sağlam buzov alınıb. “Günəşli” aqroparkının fəaliyyətinin genişləndirilməsi davam etdirilib, ilkin mərhələdə “Aqrolizinq” ASC-nin xətti ilə xaricdən 460 baş cins inək gətirilib, 40 elektron və 20 mexaniki sağım aparatı quraşdırılıb. Hazırda burada yeni ferma binalarının, gündəlik emal gücü 20 ton olan süd zavodunun və illik gücü 1000 ton olan ət kəsimi zavodunun tikintisi davam etdirilir.
Aqroparkda peyinqurutma və paketləmə işlərini həyata keçirmək üçün hər birinin gündəlik istehsal gücü 50 ton olan 2 avadanlıq quraşdırılıb.
Diqqətə çatdırılıb ki, ötən müddət ərzində rayonda tikinti-quruculuq və yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilib. Cəlilabad şəhərində təmir olunması nəzərdə tutulan çoxmənzilli binaların 11-nin dam örtüyü dəyişdirilib, Mehdi Hüseyn, Azərtürk, Fərid Əhmədov, Qudrət İsmayılov və Nizami küçələri asfaltlanıb.
Hazırda 9,4 kilometrlik Cəlilabad-Uzuntəpə avtomobil yolunda, Cavadxan, Xətai və Məlik Quliyev küçələrində yenidənqurma işləri davam etdirilir, köhnə tikililər sökülür, yeni işıqlandırma sistemi qurulur, piyada səkiləri salınır.
Cəlilabad şəhər 8 nömrəli körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilir, Heydər Əliyev Seyrəngahı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları isə əsaslı təmir olunur. Tikintisi başa çatmaqda olan 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolu da cari ilin mühüm layihələrindəndir.
Yarım il ərzində rayonda 716 nəfər daimi işlə təmin olunub
Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində Abazallı, Kürdlər, Mirzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəblərin inşası başa çatdırılıb.
Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, Türkelli kəndində 60, Qarağac və Lallar kəndlərinin hər birində 20, Ağusəm, Hacıcavad və Ətcələr kəndlərinin hər birində 80, Ləzran kəndində 40, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərinin hər birində 96 şagird yerlik 10 modul tipli məktəbin tikilməsi nəzərdə tutulub.
Toplantıda çıxış edənlər bu ilin altı ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Regionlar 2018-07-17 17:43:00