×
A
A
A
Sazlamalar

“Qafqaz əsiri” filminin “Yoldaş Saaxov”u xəstəxanaya yerləşdirilib

Bakı, 17 iyul, AZƏRTAC

Rusiyanın Vaxtanqov adına teatrının qocaman aktyoru, SSRİ Xalq Artisti, “Qafqaz əsiri” və “İvan Vasilyeviç peşəsini dəyişir” filmlərinin ulduzu, 96 yaşlı Vladimir Etuş xəstəxanaya yerləşdirilib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Yelena Etuş bildirib. O qeyd edib ki, aktyorun səhhəti yaxşılaşmağa doğrudur, ancaq həkimlər xəstəxanadan çıxması haqda hələ bir söz deməyiblər.
Teatrın direktoru Kirill Krok bildirib ki, məşhur aktyor xaricdə istirahətdə olarkən səhhəti qəfil pisləşib və o, Moskvaya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib.
Vladimir Etuş 1945-ci ildən Vaxtanqov adına teatrda işləyir. Kino fəaliyyətinə isə 1953-cü ildə Mixail Rommun “Admiral Uşakov” tarixi filmində çəkilməklə başlayıb. O, 40-dan çox filmə çəkilib. Azərbaycanlı tamaşaçı onu daha çox “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmindəki Yoldaş Saaxov obrazından tanıyır.

Mədəniyyət 2018-07-17 16:24:00