×
A
A
A
Sazlamalar

Tovuzdakı dövlət əmlakı hərracda 2 sifarişçi arasında rəqabət yaratdı

Bakı, 17 iyul, AZƏRTAC

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda innovativ üstünlüklər və şəffaf mühit Bakı ilə yanaşı bölgələrdə də ictimai marağı artırır.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 17-də keçirilən hərracda Tovuzda yerləşən dövlət əmlakı rəqabətli mühit yaratdı. Belə ki, Sabir küçəsində yerləşən, ümumi faydalı sahəsi 103 kvadratmetr olan obyektə 2 sifariş qəbul olunub. İştirakçılar arasındakı rəqabət ilkin hərrac qiyməti 10 min manat təyin olunan obyektin 12 min manata satışını mümkün edib.
Hərracda 7-si kiçik dövlət müəssisəsi, 6-sı isə qeyri yaşayış sahəsi olmaqla 13 dövlət əmlakı özəlləşdirilib. Qeyd edək ki, bu əmlaklara verilmiş 14 sifarişdən 1-i elektron formada qəbul edilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 5-i Bakıda, digərləri isə Füzuli və Sabirabadda yerləşir. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 303 saylı mağazanın ümumi faydalı sahəsi 19.7 kvadratmetrdir. Adı çəkilən dövlət əmlakı sifarişçi tərəfindən 1750 manat ödənilməklə özəlləşdirilib. Digər bir hərrac iştirakçısı isə 12 min 500 manat ödəyərək ümumi faydalı sahəsi 249 kvadratmetr olan Sabirabad şəhəri, Nəsimi küçəsində yerləşən obyektə sahib olub.
Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Səbail, Nizami, Xətai və Suraxanı rayonlarındadır. Lənkəran şəhəri, Xarxatan kəndində yerləşən ümumi faydalı sahəsi 38.5 kvadratmetr olan obyekt üçün vətəndaş 2 min manat ödəyib.
Komitə tərəfindən keçirilən hərracların nəticələri ilə bağlı məlumat almaq istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) müvafiq bölməsinə daxil ola bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyulun 24-də baş tutacaq. Budəfəki hərraca investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.

İqtisadiyyat 2018-07-17 16:11:00