×
A
A
A
Sazlamalar

Beynəlxalq tədbirdə ölkəmizdə torpağın münbitliyinin qorunmasında tullantılardan istifadəyə dair məruzə dinlənilib

Bakı, 17 iyul, AZƏRTAC 

Türkiyənin paytaxtı Ankarada “Beynəlxalq Avrasiya təbii qidalanma və sağlam həyat” beynəlxalq konqresi keçirilib.
Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim konqresin üçüncü günü “Azərbaycanda torpağın münbitliyinin qorunmasında yerli tullantılardan istifadə” mövzusunda məruzə ilə çıxış edib.
Ə.Quliyev bildirib ki, torpaqların münbitliyini qorumaq və bərpa etmək üçün müasir dünyada geniş tətbiq olunan üsullardan biri də şəhər və məişət tullantılarının ilk emalından sonra kənd təsərrüfatında utilizasiyasıdır. Hazırda dünyanın 50-dən çox ölkəsində çirkab sularından və şəhərin kanalizasiya tullantılarından kənd təsərrüfatında istifadə edildiyini deyən alim rəhbərlik etdiyi institutda üzvi gübrələrin alınması, istifadəsi üzərində elmi-tədqiqat işlərinin aparıldığını bildirib.
Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin qatıldığı konqresdə qida təhlükəsizliyi, əkinçilik, üzvi istehsal, sağlam həyat və digər mövzularda müzakirələr aparılıb.

Elm və təhsil 2018-07-17 14:48:00