×
A
A
A
Sazlamalar

“Fizika və lirika” konfransı çərçivəsində doqquzuncu bədii sərgi təşkil olunub

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə IV “Fizika və lirika” konfransı çərçivəsində bədii sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Botanika bağında doqquzuncu dəfə təşkil olunan sərgidə elmin iki əsas istiqaməti – dəqiq və humanitar elmlər bədii sənətkarlıq kontekstində əlaqələndirilir. Sərgidə Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları - Xəzər Zeynalov, Səyyad Bayramov, Leyla Məmmədkərimova (Mali), Aysel Talıbova, Günel Seyidəhmədli və Vəfa Cəsarətin ümumilikdə 26 əsəri nümayiş etdirilib. Bu əsərlərin 11-i ilk dəfə sərgilənib. Əsərlər yağlı boya, sulu boya, linoqravüra, kompüter qrafikası kimi fərqli texnikalarda işlənib. Sərgilənən əsərlərdə xalqımızın milli mədəniyyəti, tarixi keçmişi, memarlıq abidələri, şəxsiyyətlərin portretləri əks olunub.
Sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, Memarlıq və İncəsənət İnstitutunda rəssamlıq sərgilərinin keçirilməsi artıq xoş bir ənənəyə çevrilib. Qısa müddət ərzində - 2014-cü ilin payızından ötən ilin yayınadək institut tərəfindən səkkiz rəssamlıq sərgisi təşkil olunub. Bunun nəticəsi olaraq institut 2017-ci ildə “Alimlər-rəssamlar” kataloqu da nəşr etdirib. Üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kataloqda zəngin illüstrasiyalar yer alıb.

Elm və təhsil 2018-07-17 14:00:00