×
A
A
A
Sazlamalar

Nizami irsinin araşdırılmasına dəyərli töhfə

Monoqrafiyada ölkəmizdə ilk dəfə Nizami yaradıcılığında zərdüştilik elementləri geniş şəkildə tədqiq edilib

Bakı, 16 iyul, AZƏRTAC
“Mütərcim” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Nizami yaradıcılığında zərdüştilik” kitabı çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, monoqrafiyada ölkəmizdə ilk dəfə Nizami yaradıcılığında zərdüştilik elementləri geniş şəkildə tədqiq edilib. Belə ki, dahi şairin beş poemasından nümunələr göstərilərək zərdüştilik fəlsəfəsi təhlil edilib.
“Nizaminin dini görüşlərinin ədəbiyyatşünaslıqda qoyuluşuna dair”, “Nizamidə zərdüştiliyin qaynaqları” və “Nizamidə zərdüştilik fəlsəfəsi və ehkamları” fəsillərindən ibarət monoqrafiya Nizami irsinin araşdırılmasına yeni töhfə hesab oluna bilər.
İ.Quliyev, həmçinin bu sahədə əcnəbi alimlərin yanaşmalarına da öz münasibətini bildirib. Əsərdə zərdüştilik görüşləri ilə yanaşı, bu dinə xas ehkamlar, ayinlər, mərasimlər və terminlər ilk dəfə sistemli şəkildə araşdırılıb. Kitab Nizami Gəncəvinin əsərlərinin farsca orijinalı əsasında yazılıb.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktorları akademik Teymur Kərimli və professor Rafiq Novruzovdur.

Elm və təhsil 2018-07-17 12:33:00