×
A
A
A
Sazlamalar

Şirvanda altı ay ərzində sənaye sahələrində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8.5 faiz artıb

Şirvan, 17 iyul, Mahir Babayev, AZƏRTAC 

2018-ci ilin altı ayı ərzində ölkəmizdə iqtisadiyyat artan templə inkişaf edib, iqtisadi və müdafiə gücümüz daha da möhkəmlənib. Ölkə iqtisadiyyatının sürətli inkişafı Şirvan şəhərinin sosial iqtisadi inkişafına da öz müsbət təsirini göstərib, bu sahədə mühüm nəticələr əldə edilib. Cari ilin II rübündə Şirvanda ümumi məhsul buraxılışı 332 milyon 757.8 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 16,2 faiz çoxdur. Ümumi məhsul buraxılışında 66,4 faiz xüsusi çəkiyə malik olan sənaye sahələrində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 212 milyon manat olub. Digər sahələrin ümumi məhsulda payı 33,6 faiz təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktları Şirvan şəhərində 2018-ci ilin ikinci rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov səsləndirib.
Qeyd olunub ki, hesabat dövründə istehsal olunan sənaye məhsulunun 35,6 faizi mədənçıxarma, 13,2 faizi emal, 50,5 faizi elektrik enerjisi, qaz-buxar, 0,7 faizi isə su təchizatı sahələrinə aid olub.
Sənayedə istehsal olunan məhsulun 55,5 faizi və ya 122 milyon 462.6 min manatı dövlət, 44,6 faizi və ya 98 milyon 567.5 min manatı qeyri-dövlət sektorunun payına düşüb.
Altı ay ərzində şəhərdə 117,1 min ton əmtəəlik neft, 4,5 milyon kub metr qaz və 2 milyard 252 milyon kilovat saat elektrik enerjisi istehsal olunub.
Nəqliyyat müəssisələri sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 14 milyon 936 min nəfər sərnişin, 239.2 min ton yük daşınıb ki, bu da ötən illə müqayisədə 2.5 və 2.7 faiz çoxdur.
Əhaliyə göstərilən rabitə, təhsil, səhiyyə və s. xidmətlərinin səviyyəsi də xeyli yaxşılaşdırılıb.
Qeyd olunub ki, ötən müddətdə şəhər iqtisadiyyatının dinamik inkişafı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına, son nəticədə onların alıcılıq qabiliyyətlərinin artmasına səbəb olub. Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi 139 milyon 443.2 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 186.6 min manat çoxdur.
Ötən dövr ərzində ticarət və xidmət şəbəkələrindən əhaliyə 22 milyon 676.2 min manatlıq müxtəlif istehlak malları satılıb və ödənişli xidmətlərdən istifadə olunub.
Vurğulanıb ki, altı ay ərzində şəhər ərazində tikinti işləri davam etdirilib, abadlıq və yenidənqurma işlərinin həcmi genişləndirilib. Bu dövrdə “Şirvan Araz zavodu”nda tikinti-quraşdırma işləri uğurla davam etdirilib. Artıq yeni “Alov-TA”, “Alov- BA” və “Alov-HA” obyektinin tikintisi yekunlaşmaq üzrədir. Zavodda 2 yeni əsas istehsal sahələri olan “Qartal” və “Aşırım” istismara tam hazır vəziyyətə gətirilib. Həmin sahələrin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da xeyli yeni iş yerinin açılmasına zəmin yaradacaq.
Vurğulanıb ki, hesabat dövründə əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə də diqqət artırılıb.
Toplantıda bəyan edilib ki, Şirvan şəhərinin sosial iqtisadi inkişafında əldə olunan nailiyyətlərin davam etdirilməsi daim diqqət mərkəzində saxlanılacaq və qarşıya qoyulan bütün tapşırıqların icrası son nəticədə şəhər əhalisinin firavan və rahat yaşamasına, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Yığıncaqda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.

Regionlar 2018-07-17 12:17:00