×
A
A
A
Sazlamalar

“Sınıq Körpü” gömrük postunda sutkada 12 minə qədər şəxs gömrük nəzarətindən keçir

Bakı, 17 iyul, Elvin Camalov, AZƏRTAC

“Sınıq Körpü” gömrük postunun idxal və ixrac sərnişin xətləri üzrə sutkada 12 minə qədər şəxs gömrük nəzarətindən keçir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yay mövsümü ilə əlaqədar xaricə və eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə iyulun 15-dən etibarən sutka ərzində “Sınıq Körpü” gömrük postunun idxal və ixrac sərnişin xətləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur.
Nəticədə günün bəzi saatlarında “Sınıq Körpü” gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub. Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük postu normal iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, yaranan sıxlıqlar sadəcə sərnişin keçid xətlərində qeydə alınır, yük və minik nəqliyyat vasitələrinin keçidində hər hansı problem müşahidə olunmur.
Hazırda “Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və avtomobillərin gömrük nəzarəti prosesində hər hansı problem yoxdur.

İqtisadiyyat 2018-07-17 12:15:00