×
A
A
A
Sazlamalar

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də SOCAR-ın daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib. SOCAR istiqrazları sahiblərinin hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, pullar faiz ödənişindən bir həftə əvvəl Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb və bu gündən etibarən isə investorların hesabındadır.
Bu SOCAR istiqrazları üzrə 7-ci faiz ödənişidir. Bununla da, qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı ümumilikdə indiyədək 8,75 milyon dollar təşkil edib.
Xatırladaq ki, nominal dəyəri 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faizdir. Faizlər hər 3 aydan bir ödənilir.
Hazırda SOCAR istiqrazları ölkənin fond birjasında ən çox alınıb-satılan qiymətli kağızdır. SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.
Qeyd edək ki, ötən ilin noyabr ayından istiqrazlarla REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR istiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq aşağı faizlə kredit götürmək imkanı verir.
İstiqrazlar üzrə növbəti və bu ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.

Maliyyə 2018-07-17 11:36:00