×
A
A
A
Sazlamalar

Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilib

Naxçıvan, 17 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 2018-ci il mayın 19-da keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün bu il iyun ayının 1-də elan edilmiş müsabiqənin test imtahanı mərhələsinə start verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə 9 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 20 namizəd sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Əvvəlcə namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib.
İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilir. Sualları cavablandırmaq üçün onlara 2 saat 30 dəqiqə vaxt verilir.
Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanların nəticələri Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilir.

Regionlar 2018-07-17 11:30:00