×
A
A
A
Sazlamalar

Sərhədçilər Füzulidə ilan sancan qadını xilas ediblər

Bakı, 17 iyul, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələri və bölmələri sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün kömək göstərir, sakinlərin müxtəlif problemlərinin həllinə dəstək verirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 15-də Fizuli rayon sakininin həyatını sərhədçilərin köməyi ilə xilas etmək mümkün olub. Belə ki, həmin tarixdə Fizuli rayonunun Alxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və o, təcili olaraq rayon xəstəxanasına gətirilib.
E.Məmmədovanın həyatını xilas etmək üçün ona təcili zərdabın vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub.
Müraciətə dərhal reaksiya verilib. İlan sancması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan zərdab rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.

Hadisə 2018-07-17 11:15:00