×
A
A
A
Sazlamalar

Azərbaycanlı məktəblilər “Sərhədsiz riyaziyyat” V beynəlxalq turnirində ölkəmizi layiqincə təmsil ediblər

Sofiya, 17 iyul, AZƏRTAC

Bolqarıstanın Nesebar şəhərində keçirilən “Sərhədsiz riyaziyyat” V beynəlxalq turnirində 18 ölkədən - Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Vyetnam, İran, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Çin, Malta, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Meksika, Filippin və Honq-Konqdan şagirdlər iştirak ediblər.
Fərdi yarışlar gedişində şagirdlər 60 dəqiqə ərzində 20 riyazi suala cavab tapıb, komanda yarışlarında isə 3 nəfərdən ibarət qruplar 45 dəqiqə ərzində 5 məsələni həll ediblər.
“Sərhədsiz riyaziyyat” V beynəlxalq turnirinin mətbuat buraxılışında Bolqarıstan Prezidenti Rumen Radevin, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın və Qazaxıstanın Bolqarıstandakı müvəqqəti işlər vəkili Temirtay İzbastinin turnir təşkilatçıları və iştirakçılarına ünvanlandığı məktublar yer alıb.
N.Qurbanovanın məktubunda riyaziyyatın tətbiqi elmin digər sahələrinin inkişafına təkan verən fənn olduğu, onun iqtisadiyyat, fizika elmləri, texnologiya, biznes, maliyyə xidmətləri, informasiya və kommunikasiya texnologiyalarının bir çox sahələrinin əsasında durduğu qeyd olunur. Məktubda deyilir ki, riyaziyyat elmi sənaye tədqiqatları və inkişafının əsasını formalaşdırır, müasir dünyada bir çox mürəkkəb sistemlər və strukturlar yalnız onun vasitəsilə dərk edilə bilər.
Məktubda orta əsrlərdə Azərbaycanda riyaziyyat elminin yüksək inkişaf səviyyəsinə yüksəldiyi, XIII əsr Azərbaycanın məşhur alimi, filosofu və fiziki Məhəmməd Bin Həsən Nəsirəddin Tusinin bütün dövrlərin ən dahi riyaziyyatçı və astronomlarından biri kimi tanındığı bildirilir, onun nəinki Şərqdə, habelə Avropada həndəsə və triqonometriyanın inkişafına əvəzsiz töhfə verdiyi, müstəqil riyazi elm kimi triqonometriyanın banisi kimi qəbul olunduğu bildirilir. Həmçinin turnirə öz bilik və potensiallarını nümayiş etdirmək üçün Azərbaycandan da müxtəlif yaş kateqoriyalarında şagirdlərin qatıldığı barədə məlumat verilir, azərbaycanlı şagirdlər də daxil olmaqla, bütün turnir iştirakçılarının adlarının gələcəkdə dünyada elm və texnologiyanın inkişafına töhfəsinə görə riyaziyyat sahəsində dünyanın məşhur simaları arasında sadalanacağına əminlik ifadə olunur.
Nesebar şəhər bələdiyyəsinin himayəsi altında keçirilən turnirdə ölkəmizi layiqincə təmsil edən 9 iştirakçının hər biri müxtəlif mükafatlarla təltif olunub. Turnirin ən uğurlu 20 iştirakçısı arasında Bakının Nəsimi rayonundakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın ikinci sinif şagirdi İmran Hidayətzadə “Turnirin riyazi ulduzu” titulu və turnirin gümüş kubokuna layiq görülüb. Elitar Gimnaziyanın şagirdləri İmran Hidayətzadə, Sabir Əliyev, Yusif Hidayətzadə (qızıl), Nazilə Xudakərimli, Yasin Xudakərimli, Ayan İslamzadə (gümüş), Toğrul Ağamalı və Murad İsmayıl (bürünc) və Bakı Avropa Liseyinin şagirdi Oğuz İsayev (gümüş) medalçılar sırasında yer alıblar.
Turnirin bədii hissəsində çıxış edən şagirdlərimizin ifaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Elm və təhsil 2018-07-17 11:07:00