×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutunda növbəti seminar: “Dindarlıq və vətənpərvərlik”

Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16 – da Azərbaycan İlahiyyat İnstitutunda “Dindarlıq və vətənpərvərlik” mövzusunda növbəti seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən rektor Ceyhun Məmmədov müstəqilliyimizin bərpasından sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdış prosesinin sürətləndiyini, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu söyləyib. O, Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən də bəhs edib.
Son illər ölkəmizdə milli mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran C.Məmmədov dövlətimizin başçısının və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ibadət ocaqlarının, ziyarətgahların təmir və bərpa olunduğunu bildirib.
Gəncədə son günlər cərəyan edən hadisələrdən söz açan rektor Azərbaycan ilahiyyatçılarının bu əməlləri qətiyyətlə pislədiklərini, hər bir ölkə vətəndaşının Vətənini sevməsinin, onu göz bəbəyi kimi qorumasının vacibliyini vurğulayıb. O, bütün dinlərin öz ardıcıllarını Vətəni sevməyə, onu qorumağa çağırdığını, ilahiyyatçı alimlərin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirib.
Sonra Gülnarə İnanc məruzəsində vətənpərvərliyin insanın öz xalqını, Vətənini və dövlətini sevmək mənasını ifadə etdiyini, lakin bunun bir xalqın başqalarından üstünlüyünü nəzərdə tutmadığını qeyd edib. G.İnanc vətənpərvərliyin - dövlət, vətəndaş, fərdi vətənpərvərlik kimi hissələrə ayrıldığını qeyd edib. Dövlət vətənpərvərliyinin hər bir dövlətin quruculuq və idarəçilik baxımından bütün sahələrini əhatə etdiyini, vətəndaş vətənpərvərliyinin insanların ümumi Vətən uğrunda, müəyyən əqidə ətrafında cəm olmasını vurğulayıb. O, fərdi vətənpərvərliyin cəmiyyətin hər hansı bir üzvünün öz bacardığı sahədə ictimai və dövlət dəstəyini gözləmədən öz imkanları ilə fəaliyyət göstərməkdən ibarət olduğunu bildirib.

Elm və təhsil 2018-07-16 18:02:00