×
A
A
A
Sazlamalar

Məhluqə Qaramanlı: Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz

Bakı, 16 iyul, AZƏRTAC 

Son illər sürətlə inkişaf edərək dünya birliyində özünə layiqli yer tutan, söz və nüfuz sahibinə çevrilən Azərbaycanın uğurları bəzi qüvvələri ciddi narahat etməyə başlayıb. Öz çirkin niyyətlərini açıq şəkildə ifadə etməyə cürəti çatmayan həmin dairələr təəssüf ki, Azərbaycanı daxildən sarsıtmaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq üçün radikal ünsürlərdən, doğma yurduna xəyanət edən şəxslərdən istifadə etməyə çalışırlar. Lakin respublikamızda qarışıqlıq salmaq istəyən qruplar, eləcə də onların xaricdəki havadarları qəti şəkildə bilməlidirlər ki, Azərbaycan xalqı, o cümlədən ölkəmizin vətəndaş cəmiyyətinin nümayəndələri son ana qədər dövlətin, dövlətçiliyin keşiyindədirlər. Azərbaycanda güclü olan xalq-iqtidar həmrəyliyini heç bir qüvvə poza bilməz.
Bu fikirləri Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı Gəncə hadisələri ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
M.Qaramanlı bildirib ki, iyulun 10-da Gəncədə din pərdəsi altında iğtişaşlar törətməyə çalışan, asayişi təmin edən polis əməkdaşlarına hücum edən, iki polis zabitimizi qətlə yetirən 150-200 nəfərlik qrupun üzvləri hansısa məkrli qüvvələrin çirkin niyyətlərini həyata keçirən əlaltılardır. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində onların hüquqazidd əməllərinin qarşısı alınsa da, iki polis zabitinin qətlə yetirilməsi xəbəri ölkə ictimaiyyətini dərindən sarsıtdı. Xalqımızın qəhrəman oğlu, doğma yurdu uğrunda yadellilərə qarşı döyüşdə canından keçən Cavad xanın Vətəni Gəncədə qısa vaxtda ard-arda törədilən qanlı cinayətlərin ağır nəticələri hamımızı dərindən üzdü. Bu hadisələr qanlı terror aktıdır. Azərbaycanın ikinci böyük şəhərində ictimai-siyasi sabitliyi pozmaq üçün kəsici-deşici alətlərlə silahlanmış qaragüruhçu dəstənin törətdiyi cinayətlər, ölkəmizin Konstitusiya quruluşunu təhdid edən çağırışlar səsləndirməsi hansısa çirkin niyyətin göstəricisidir. Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyətinin üzvləri, vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına çalışan bütün radikal qüvvələrə və onların havadarlarına qarşı mübariz olacağımızı, bütün gücümüzü səfərbər edərək daim dövlətimizi müdafiə edəcəyimizi, dövlətçiliyimizin keşiyində duracağımızı qətiyyətlə bəyan edirik.
“Azərbaycanda gecə-gündüz əhalinin təhlükəsizliyini təmin edən, asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirən belə qaragüruhçu şəxslər bu millətin övladı ola bilməz. Üzümü bir daha xarici havadarlara tutaraq bildirirəm ki, Azərbaycan xalqı Prezidentinə arxalanır, onun yürütdüyü siyasəti dəstəkləyir. Bu gün dövlətimiz əmin əllərdədir. Xalqımız əmindir ki, ölkəmizdə xaos, özbaşınalıq, vətəndaş qarşıdurması, iğtişaş yaratmağa çalışanların bu istəkləri heç vaxt həyata keçməyəcək. Əminik ki, cinayətin təşkilatçıları və bütün iştirakçıları hüquq mühafizə orqanları tərəfindən tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaq və onlar layiq olduqları cəzaları alacaqlar. Təxribatçıların ölkəmizə qarşı çirkin niyyətləri xalqın birliyi sayəsində puç oldu. Xalqımızın bu məsələlərdə nümayiş etdirdiyi həmrəylik bir daha göstərdi ki, Azərbaycan xalqı Vətənimizə qarşı törədilən belə çirkin əməllərin qarşısını almaq üçün daim öz Prezidentinin yanındadır və dövlətimizin başçısının yürütdüyü siyasəti qəti şəkildə dəstəkləyir”.

Sosial 2018-07-16 13:07:00