×
A
A
A
Sazlamalar

Bugünədək yerli investisiyalı 12329 hüquqi şəxs dövlət qeydiyyatına alınıb

Bakı, 16 iyul, AZƏRTAC
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa 2011-ci ildə edilmiş dəyişiklik nəticəsində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsinə başlanılıb.
AZƏRTAC vergiler.az saytına istinadla bildirib ki, bu barədə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli məlumat verib.
Departament rəsmisi qeyd edib ki, bunun nəticəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxs yalnız elektron imza əldə etməklə, hüquqi şəxsin qeydiyyatı üçün tələb olunan sənədləri toplamadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi imkanını əldə edib.
Onun sözlərinə görə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına başlandığı andan bu günə qədər yerli investisiyalı hüquqi şəxsin elektron dövlət qeydiyyatı üçün müraciət əsasında 12329 hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
Həmçinin nəzərə çatdırılıb ki, hüquqi şəxslər əsasən məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında yaradılır. 2008-ci ildən indiyədək 42333 hüquqi şəxsin dövlət qeydiyyatı aparılıb və onun 93,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 0,16 faizi açıq səhmdar cəmiyyəti, 0,2 faizi qapalı səhmdar cəmiyyəti, 0,94 faizi kooperativ, 0,05 faizi publik hüquqi şəxs, 4,77 faizi isə digər təşkilati-hüquqi formada olub.

 

Maliyyə 2018-07-16 04:51:00