×
A
A
A
Sazlamalar

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi son bir ildə 600-dən çox ixracatçıya dəstək göstərib

Bakı, 14 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi fəaliyyəti dövründə ixracatçı sahibkarlara göstərilən xidmətlər, qeyri-neft məhsullarının ixracı ilə bağlı görülən stimullaşdırıcı tədbirlər sahəsində bir sıra nailiyyətlər əldə edib. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə İxraca Dəstək Mərkəzində həyata keçirilmiş tədbirlər, görülmüş işlər, gələcək planlar barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

-"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində indiyədək hansı işlər aparılıb?

-"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi son bir il ərzində 600-dən çox Azərbaycan ixracatçısına dəstək göstərib. Dəstək çərçivəsində sahibkarlara dövlət qurumları tərəfindən müxtəlif çeşid növlərinə müvafiq olaraq sertifikatlar verilib, ilk dəfə ixrac fəaliyyətinə başlamış sahibkarlara sənədləşmə prosesində kömək göstərilib, ixracatçıların maarifləndirilməsi məqsədilə seminarlar və təlimlər təşkil edilib. Bundan əlavə, sahibkarların müraciətləri əsasında görüşlər keçirilib, səlahiyyət çərçivəmizə daxil suallar üzrə cavablandırılıb və dəstək göstərilib, səlahiyyət dairəmizə aid olmayan, ancaq ixrac prosesini əhatə edən digər məsələlərlə bağlı sualları müvafiq orqanlara yönəltmişik. Ümumiyyətlə, qeyd edim ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ixracatçıların öz evi olmaqla ixracla bağlı istənilən məsələnin həlli istiqamətində dəstək göstəriləcək bir məkandır. Təkcə iyun ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə 400-dən çox sertifikat verilib. Sertifikat verilən məhsullar Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, İsveçrə, Qətər, İtaliya, Qazaxıstan, Vyetnam, Malayziya, Almaniya, Serbiya, İran, Yunanıstan, Ukrayna, Çin, Kanada, Hollandiya, Çex Respublikası daxil olmaqla müxtəlif ölkələrə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 9 faizindən çoxunun sənədləşdirilməsi "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində həyata keçirilir.
- "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə xarici ölkələrə nə qədər ixrac həyata keçirilib?
- "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə son bir ərzində 100 milyon ABŞ dolları dəyərində mal və məhsulların ixracına dəstək göstərilib. Sahibkarlar ixrac üçün tələb olunan müvafiq icazə və sertifikatları buradan əldə edib. Bundan əlavə, biz sahibkarlara gömrük bəyannaməsinin doldurulması ilə bağlı imkanlar yaradırıq. İcazə sənədlərini aldıqdan sonra gömrük bəyannaməsinin doldurulması ixracatçılar üçün yaradılmış üstünlükdür.
-Siz qeyd edirsiniz ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sahibkarlar üçün vahid məkan rolunu oynayır. Bilmək istərdik, sahibkarlar bu imkanlardan nə dərəcədə istifadə edirlər?
-"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ixrac blokunu özündə cəmləşdirir. Bu nə deməkdir? Yəni, ixrac prosesini 360 dərəcə əhatə edən bütün məsələlərin həlli bizim mərkəzdə mümkündür. Ölkədə kommersiya məhsulları üçün İqtisadiyyat Nazirliyi tərəfindən verilən mənşə sertifikatı, əgər məhsul kənd təsərrüfatını əhatə edirsə və yaxud qida məhsuludursa, bu qrup məhsullar üçün də fitosanitar, baytarlıq və qida təhlükəsizliyi sertifikatları "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində verilir. Habelə, elə məhsullar var ki, qeyri-kommersiya məqsədilə aparılır. Misal üçün, fauna və flora növləri üzrə məhsullar və yaxud xalçalar, zərgərlik əşyaları, bu qrup məhsullar üzrə də mərkəzdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq CİTES sertifikatı və Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətlərin mühafizəsi şəhadətnaməsi verilir. Təbii ki, qeyd etdiyimiz qeyri-kommersiya məhsulları kommersiya məqsədi daşıya da bilər. Bu zaman artıq mənşə sertifikatının alınması zərurəti yaranır. Bütün bu sənədlər adıçəkilən qurumlar tərəfindən bir məkanda verilir. Hətta dövlət rüsumlarını ödəmək istəyənlər üçün də "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində elektron ödəniş aparatı qoyulub. Bütün bunlar sahibkarların özlərini tam rahat şəkildə hiss etmələri və fəaliyyətlərini yüksək əhvalda davam etmələrinə köməkdir. Qeyd etdiyim bütün xidmətlər "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən heç bir ödəniş olunmadan edilir. İxracatçılar yalnız dövlət rüsumlarını elektron ödəməklə işlərini davam etdirirlər. Bütün bunlar dövlətimizin başçısının "iqtisadi sahədə şəffaflıq olmalıdır" tapşırığı əsasında vicdanlı şəkildə həyata keçirilir.
-Xarici ölkələrə əsasən hansı növ məhsullar daha çox ixrac edilir?
-Mərkəz vasitəsilə sertifikatlaşdırılan əksər məhsullar - qara metallurgiya, ağır sənaye məhsulları və kənd təsərrüfatı məhsullarıdır. Sevindirici haldır ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda sənayenin bütün sahələrinə göstərilən diqqət və qayğı artıq sahibkarlarımıza öz məhsullarının çeşid və həcmini artırmağa səbəb olub. Bundan əlavə, ən çox ixrac edilən ölkələr arasında MDB ölkələri, xüsusilə Rusiya, Qazaxıstan, Türkmənistan, Körfəz ölkələri, xüsusilə Qətər, BƏƏ və Avropa İttifaqı ölkələri arasında Almaniya yer tutur.
-Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində xidmətə başlayıb. Bu xidmət sahibkarlar üçün hansı imkanları yaradacaq?
-İlk növbədə qeyd edim ki, ölkəmizdə Azərbaycan sahibkarlarının rahat fəaliyyət göstərməsi üçün bütün şərait, o cümlədən son iki il ərzində iqtisadi islahatların dərinləşməsi ilə ölkəmizdə həm yerli sahibkarlıq fəaliyyəti, həm də xarici investisiya cəlbi üçün hərtərəfli şərait yaradılıb. Qida Təhlükəsizliyi Agentliyinin yaranması da islahat tədbiridir və dövlətimizin başçısının ölkə vətəndaşlarının sağlam qidalanmasına və yaşamasına verdiyi böyük töhfədir. Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən mərkəzimizdə xidmətə başlayıb. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi, qeydiyyata alınmış subyektlərə dövlət reyestrindən təkrar çıxarışın verilməsi, qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi, yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi, ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsi, bitki və bitkiçilik məhsullarının təkrar ixracına (tranzitinə), ölkə ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi sözügedən qurum tərəfindən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində həyata keçirilir. Sadalanan 7 xidmət üzrə bütün proseduralar qanunvericiliyin tələb etdiyi normalar əsasında aparılır. Gələcəkdə xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq qurumlar arasında səmərəli əməkdaşlıq davam etdiriləcək.
-"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixrac subsidiyası almaq üçün müraciət etmək mümkündürmü?
-Bəli. Nazirlər Kabinetinin ixrac təşviqi ilə bağlı qaydalarda etdiyi dəyişikliyə əsasən, bundan sonra ixracatçılar ixrac təşviqi ilə bağlı müraciətləri "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə də həyata keçirə biləcəklər. Bildiyiniz kimi, sözügedən təşviq sənədi dövlətimizin başçısının ixracatçılar üçün yaratdığı böyük imkandır. Sənədin fəlsəfəsi çoxşaxəli təsirləri özündə büruzə verir. Birincisi, təşviq sənədi sahibkarları öz məhsullarını xarici bazarlara ixrac etməyə həvəsləndirir, ikincisi, sahibkar ixracdan əldə etdiyi gəlirdən manat ifadəsində müvafiq faiz nisbətində subsidiya alır, üçüncü isə ölkəmiz xarici valyuta rezervlərini artıraraq makroiqtisadi stabilliyi möhkəmləndirir. Sadalanan amilləri həyata keçirmək üçün mərkəzimiz inzibatçılıq bacarıqlarını səfərbər edərək ixracatçılara rahat və şəffaf xidmət göstərir.

Biznes 2018-07-14 13:08:00