×
A
A
A
Sazlamalar

Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır

Bakı, 13 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edərək bölgədə və dünyada gücü iqtisadiyyata, möhkəm ictimai-siyasi sabitliyə və qüdrətli orduya sahib ölkəyə çevrilib. Ölkəmizin əldə etdiyi uğurlar dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən narahat edir. Həmin çirkin niyyətli qüvvələr ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq üçün hər cür vasitəyə əl atırlar. Gəncədə törədilən hadisələrin arxasında da ölkəmizin uğurlu inkişafını istəməyən qüvvələr dayanır.
Bu fikirləri iyulun 10-da Gəncədə törədilən iğtişaşla bağlı AZƏRTAC-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Mirhəsən Seyidov bildirib: “Azərbaycanda sabitliyin pozulmasına Ermənistan ilə yanaşı, bəzi qüvvələr də çalışırlar. Onlar unudurlar ki, ölkəmizin ən böyük sərvəti olan sabitliyə, inkişafa, tolerantlığa zərbə vurmaq, ölkədə qarşıdurma yaratmaq istəyənlərə heç bir güzəşt olmayacaq. Biz gənclər bu işdə dövlətimizin, xalqımızın, Prezidentimizin yanındayıq. Əminik ki, heç bir qüvvə bir çox sınaqlardan şərəflə çıxmış xalq-iqtidar birliyini sarsıda bilməz.
Gəncə hadisələrini törədənlərin cinayətkar əməllərinə dini don geydirilməsi absurddur. Bütün dünya bilir ki, Azərbaycan multikultural, tolerant ölkədir. Dövlətimiz bütün dinlərə, dindarlara qayğı göstərir, onların problemlərini həll edir. Digər tərəfdən İslam dini sülh, mərhəmət dinidir. Bizim dinimiz terroru, qətliamı rədd edir. Gənclər təşkilatı olaraq biz gəncləri ayıq-sayıq olmağa, təxribatlara uymamağa çağırırıq.
Mirhəsən Seyidov qeyd edib ki, Azərbaycan müdrik xalqdır. İnanıram ki, xalqımız və ən əsası gənclərimiz imkan verməyəcək ki, məkrli qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə etsin. Bizim əsas amalımız Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirməkdir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz!

Sosial 2018-07-13 22:09:00