×
A
A
A
Sazlamalar

Ulu Öndər təkcə dövlət quruculuğu sahəsində deyil, milli şüurun dirçəlməsində də xalqa liderlik edib

Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndərin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 49-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını vurğulayıblar.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1969-cu il 14 iyul tarixinin əhəmiyyətindən danışaraq deyib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən həmin günün ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu qeyd edib. Natiq Ümummilli Liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başlandığını deyib.
Bildirib ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanıb.
Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ulu Öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli şüurun dirçəlməsində də xalqa liderlik etdiyini vurğulayıb. Bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün əsl mənasında Günəş doğdu. Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır. Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara sövq edəcək.
Tədbirdə çıxış edən Qaradağ Rayon İctimai Şurasının sədri Allahverdi Məmmədov, 7 nömrəli Bakı Peşə Məktəbinin direktoru Hicrət Qaradağlı da Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs ediblər. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqı olub. Vətəninə hədsiz məhəbbəti, təmənnasız xidməti Ulu Öndərə hər kəsin qəlbində əbədi məhəbbət qazandırıb.

Daxili siyasət 2018-07-13 17:21:00