×
A
A
A
Sazlamalar

Sahibkarlar "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olublar

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən bir qrup yerli və xarici şirkətlər "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə məlumat turunda iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir.
Qeyd olunub ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində (Ünvan: Bakı şəhəri, Landau küçəsi 16, Cavid Parkının yaxınlığında) Qida Təhlükəsizliyi Agentliyi üzrə sertifikatlaşdırma və qeydiyyat aparılır. Hazırda "Bir Pəncərə" qaydasında aşağıdakı sənədlər təqdim olunur: qida təhlükəsizliyi qeydiyyatına alınma və dövlət reyestrindən çıxarış; dublikatın verilməsi; reyestr məlumatlarında dəyişikliyin edilməsi; fitosanitar sertifikatı; baytarlıq sertifikatı; qida təhlükəsizliyi sertifikatı; təsdiqedici kod nömrəsinin verilməsi.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində bundan başqa mənşə sertifikatı, CİTES sertifikatı, mədəni sərvətin mühafizəsi şəhadətnaməsi, dini ədəbiyyatın ixracına razılıq, gömrük bəyannaməsinin doldurulması kimi xidmətlər də göstərilir.
"PwC Azerbaijan", "Ernst and Young", "Deloitte", "KPMG ", "Ekvita" kimi tanınmış şirkətlərin nümayəndələri "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə böyük maraqla tanış olublar və bildiriblər ki, sahibkarların işinin asanlaşdırılması və effektivliyini təmin etmək üçün yaradılan bu sistem ixracatçıların fəaliyyətini bir qədər də stimullaşdıracaq.
Qeyd edək ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 22 fevral tarixli Fərmanı əsasında yaradılıb və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərir.

Biznes 2018-07-13 15:21:00