×
A
A
A
Sazlamalar

Çovdar yatağının yeraltı filiz qatının istismarı 2021-ci ildə başa çatacaq

Bakı, 10 iyul, AZƏRTAC
Çovdar yatağında icra edilən və 2021-ci ildə başa çatacaq yerüstü filiz qatının istismarı dövründə ümumilikdə hasil ediləcək daha 129 min unsiya qızılın və 202 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 300 milyon manata yaxın məbləğdə gəlirin daxil olması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Z.İbrahimov qeyd edib ki, qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün cəmiyyət tərəfindən səylər göstərilir. Bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu cəmiyyətin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq.
2021-ci ildə hasilata başlanması nəzərdə tutulan Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır. İlkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 milyon manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub. Əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır.

Sənaye 2018-07-10 12:21:00