×
A
A
A
Sazlamalar

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində sahibkarlar üçün semınar keçirilib

Bakı, 6 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "Azərbaycan Standartlaşdırma İnstitutu"nun birgə təşkilatçılığı ilə "Standartlaşdırma ixracın inkişafına dəstək alətidir" mövzusunda semınar keçirilib.
Bu barədə İİTKM-dən AZƏRTAC-a verilən məlumatda bildirilir.
Təlimin təşkilatçıları "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və "Azərbaycan Standartlaşdırma İnstitutu"nun direktoru Namiq Tağıyev bildiriblər ki, belə bir seminarın təşkil olunmasına səbəb Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan standartlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericilik islahatları sertifikatlaşdırmanın və laborator-sınaq xidmətlərinin rəqabətli biznes mühitinin formalaşmasına təsiri haqda ətraflı müzakirə aparmaqdır.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə qeyd edib ki, bu istiqamətdə məlumatlılığı təmin etmək xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımından sahibkarlara dəstək mexanizmidir.
"Azərbaycan Standartlaşdırma İnstitutu"nun direktoru Namiq Tağıyev isə diqqətə çatdırıb ki, biznes strukturlarının ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı standartlaşıdrma üzrə milli orqan – "Azərbaycan Standartlaşdırma İnstitutu"nun əsas məqsədi sahibkarlar arasında yüksək və peşəkar səviyyədə münasibətlərin qurulmasına start verməkdir.
"Azərbaycan Standartlaşdırma İnstitutu"nun mütəxəssisləri bir neçə təqdimatdan sonra sahibkarları maraqlandıran sualları cavablandırıblar. Təlimdə fərqli istiqamətlər üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkar iştirak edib.

Biznes 2018-07-06 11:51:00