×
A
A
A
Sazlamalar

İqtisadiyyat Nazirliyinin İsveçrəyə təşkil etdiyi ixrac missiyası başa çatıb

İsveçrənin nüfuzlu şirkətləri ilə fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub

Bakı, 3 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İsveçrəyə təşkil etdiyi ixrac missiyası başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İsveçrəyə təşkil edilən ixrac missiyası çərçivəsində keçirilmiş görüşlər zamanı Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə keçirilən görüşlərdə Azərbaycan iş adamları İsveçrəli həmkarları ilə əməkdaşlıq imkanlarına, fındıq məhsullarının İsveçrəyə ixracına dair müzakirələr aparıblar. İxrac missiyasında, həmçinin fındıq emalında tətbiq olunan yeni texnologiyalarla tanış olub və potensial müştərilərlə görüşlər keçiriblər.
Səfər çərçivəsində İsveçrənin “GN-company”, “Varistor“ və “Delica” və digər nüfuzlu şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.
Qeyd edək ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxil idi.

Biznes 2018-07-03 13:12:00