×
A
A
A
Sazlamalar

Cümhuriyyət-100: Vətəninin qurtuluşu naminə məşəqqətlərə sinə gərmiş Əkbərağa Şeyxülislamov

Bakı, 2 iyul, AZƏRTAC

1919–cu ildə Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində “Hümmət” partiyasının üzvü Əkbərağa Şeyxülislamov da vardı. İstanbul, Neapol və Roma şəhərlərindən keçərək min bir əziyyətə özünü Parisə çatdıran nümayəndə heyətimiz burada Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılması üçün gərgin səylə çalışırdılar.
Əkbərağa Şeyxülislamov kim olub və tarixdə hansı xidmətləri ilə qalıb? AZƏRTAC Cümhuriyyət tarixini araşdıran yazıçı-tədqiqatçının Əfqan Vəliyevin Əkbərağa Şeyxülislamov haqqında qeydlərini təqdim edir.
Tanınmış ictimai-siyasi xadim Əkbərağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda dünyaya gəlib. Orta təhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra 1912–ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olub.
1917–ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Əkbərağa Şeyxülislamov institutdakı bütün kurs imtahanlarını uğurla versə də, yaranmış siyasi mühitin təsiri ilə diplomunu almadan Azərbaycana qayıtdı.
Bir il sonra fevralın 9-da yaranmış Zaqafqaziya Seyminə vəkil seçilən Şeyxülislamov fevralın 28-də Seym tərəfindən təsdiq edilən müsəlman fraksiyasının tərkibindəki menşevik “Hümmət” partiyasının üzvü idi. O, Zaqafqaziya Seymi tərəfindən 1918-ci il martın 1-də Türkiyə hökuməti ilə danışıqlar aparmaq üçün yaradılmış nümayəndə heyətinin tərkibində yer almışdı.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etdi. Şeyxülislamov Xoyski tərəfindən qurulan birinci hökumətdə əmək və torpaq naziri vəzifəsinə təyin olundu. Həmin il iyunun 17-də birinci hökumətin istefası ilə Şeyxülislamov da tutduğu vəzifədən ayrıldı.
Əkbərağa Şeyxülislamov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışı olan Azərbaycan parlamentində sosialist fraksiyasından vəkil seçildi. O, dekabrın 12-də Bakıda keçirilən siyasi partiyaların müşavirəsində “Hümmət” partiyası adından çıxış edərək sosialistlərin hökumətin tərkibinə keçmələrini tələb etdi.
Şeyxülislamov “Hümmət” partiyasından olsa da, Əlimərdan bəy Topçubaşovla birlikdə müstəqil Azərbaycanın quruculuq işlərində yaxından iştirak edir, Məmmədəmin Rəsulzadə ilə davamlı siyasi fikir mübadiləsi aparırdı.
1919–cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin tərkibində Versal Sülh Müqaviləsində Azərbaycanı təmsil etmək üçün Parisə yollanıb. Nümayəndələr çətinliklə İstanbul, Neapol və Roma şəhərlərindən keçərək 1919–cu ilin martında Parisə çatıblar. Azərbaycan nümayəndələrinin burada konfrans ərəfəsində çap etdirdiyi kitab və məqalələr ölkənin tanınması baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu məqsədlə nümayəndə heyəti tərəfindən fransızca buraxılmış “Qafqaz Azərbaycanı Respublikası” kitabı Qərbi Avropa dilində xalqımız və ölkəmiz haqqında ilk məlumat idi. Bundan başqa ingilis və fransız dillərində nəşr edilən “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına Memorandumu”, nümayəndəliyin məsləhətçisi Ceyhun bəy Hacıbəylinin “İlk Müsəlman Respublikası Azərbaycan” adlı kitabları da nəşr olunmuşdu. Həmin kitab və məqalələr sonralar “Azərbaycan Demokratik Respublikası” adlı kitabda toplandı. 1920-ci il yanvarın 12-də Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınması Şeyxülislamovun da daxil olduğu Azərbaycan nümayəndə heyətinə və Azərbaycan xalqına unudulmaz sevinc yaşatdı.
1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edildi. Əkbərağa Şeyxülislamov bu acı xəbəri Parisdə aldı.
Menşevik və bolşeviklərin tərkibində siyasi arenaya atılan Şeyxülislamov Cümhuriyyətin təşəkkülü və inkişafı üçün öz tərəfdaşlarına nisbətən daha fəal mübarizə aparmış və onlardan fərqli yol seçmişdi. Sonradan tərəfdaşları hakimiyyətə gəlsə də, o, sevinmədi. Əksinə, Cümhuriyyətin süqutu onu məyus etdi. Bayraq, Cümhuriyyət və istiqlal məfkurəsinə sədaqət göstərən Şeyxülislamov bolşeviklərin əməkdaşlıq təklifini qəbul etməyərək Parisdə qaldı.
Şeyxülislamov 1920–ci ildə Parisdə Azərbaycandan ikinci İnternasionalın üzvü olub, İkinci Dünya müharibəsi ərəfəsində Parisdə rusca nəşr olunan “Azərbaycan” jurnalında “Azərbaycan necə quruldu” adlı məqalə ilə çıxış edib. Azərbaycanın tarixi-nöqteyi nəzərindən əhəmiyyət kəsb edən bu məqalə sonradan Ankarada buraxılan “Mücahid” jurnalında da dərc edildi.
Xəstə olduğu üçün işləyə bilməyən, Məmmədəmin Rəsulzadə və Mirzə Bala Məmmədzadənin maddi köməyi ilə ayaqda duran Şeyxülislamovun maddi vəziyyəti 1955–ci ildə Rəsulzadənin, 1959–cu ildə Mirzə Balanın vəfatı ilə pisləşdi. O, həyatının son illərində ciddi maddi çətinliklərlə üzləşərək, qocalar və kimsəsizlər evinə sığınmaq məcburiyyətində qaldı. 1961-ci il martın 2-də orada vəfat edən Əkbərağa Şeyxülislamov Paris yaxınlığındakı müsəlman məzarlığında dəfn olundu.
Cümhuriyyətin dövlət xadimlərindən olan Mustafa bəy Vəkilov Ceyhun bəy Hacıbəylinin dəfn mərasiminə gedərkən Parisdə Əkbərağa Şeyxülislamovun da məzarını ziyarət etmişdi. O, Şeyxülislamovun mühacirətdə yaşadığı ağır həyat hekayəsini eşitdikdə, üzüntü və kədərə qərq olur. “Parisdə bir məzar” adlı məqaləsində bu barədə belə yazıb: “Bir az o tərəfdə Əkbərağa Şeyxülislamov yatır. Yurdunun qurtuluşu uğrunda gənc yaşından bir çox məşəqqətlərə sinə gərmiş cəfakeş, idealist Əkbərağa.”.

 

CÜMHURİYYƏT - 100 2018-07-02 20:47:00