×
A
A
A
Sazlamalar

İxrac təşviqi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 iyun tarixli qərarına əsasən, "İxrac təşviqinin ödənilməsi Qaydası"na dəyişikliklər edilib və ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb. Belə ki, artıq Azərbaycandan ixrac edilən yumurta, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və meyvə çaxırlarına (üzüm çaxırı istisna olmaqla) da ixrac təşviqi mexanizminin tətbiq edildiyi məhsulların siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq, sahibkarların məlumatlandırılması məqsədilə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə 40-a yaxın sahibkar iştirak edib.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib, ixrac təşviqinin ödənilməsi mexanizminin tətbiq edildiyi məhsulların sayının artırılmasının sahibkarlar üçün əlavə imkanlar yaratdığını vurğulayıb, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Sonra AZPROMO-nun əməkdaşları "İxrac təşviqinin ödənilməsi Qaydası"na dəyişikliklər barədə təqdimatlarla çıxış edib, sahibkarların suallarını cavablandırıblar.

Biznes 2018-07-02 19:33:00