×
A
A
A
Sazlamalar

Bakıda “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda müşavirə keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda respublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə dini icma sədrləri, din xadimləri və mütəxəssislərlə yanaşı, müxtəlif dövlət qurumlarının nümayəndələri, o cümlədən rayon icra hakimiyyətlərində ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri - dini qurumlarla işin təşkilatçılarının nümayəndələri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması, eyni zamanda, müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir. Sədr müavini sözügedən tədbirlərin əsas istiqamətlərindən birinin bu sahədə mövcud qanunvericilik bazası ilə bağlı maarifləndirmə işinin təşkili olduğunu qeyd edib. G.İsmayılov vurğulayıb ki, bu istiqamətdə komitə Qafqaz Müsəlmanları İdarəsi, müvafiq dövlət qurumları, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin aidiyyəti şöbələri ilə yaxından əməkdaşlıq edir. O, koordinasiyalı fəaliyyətə görə dini qurumlarla işin təşkilatçılarına minnətdarlığını ifadə edib və birgə fəaliyyətin davamlılığına ümidvar olduğunu dilə gətirib. Əlavə edib ki, müşavirə dini sahədəki qanunvericilik bazası haqqında mümkün qədər informasiya vermək, dini qurumların öz hüquq və vəzifələrini dərindən bilməsinə nail olmaq məqsədilə təşkil edilib. G.İsmayılov çıxışında bəzi dini icmaların dövlət qeydiyyatının ləğvi zamanı yaranan anlaşılmazlıq, müqəddəs kitabların öyrədilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi, eləcə də qanunvericilikdən kənar dini fəaliyyətə yol verilməsi kimi problemlərə toxunub. Sədr müavini bu problemlərin mövcudluğunu hüquqi sahədə bilgilərin az olması ilə əlaqələndirib.
Mövzu barədə fikirlərini bölüşən DQİDK-nın şöbə müdiri Səbinə Allahverdiyeva dini qurumlara qanunvericilik bazasının tələblərinə uyğun fəaliyyət göstərmələrini tövsiyə edib. O, din xadimlərini öz hüquq və vəzifələrini dərindən bilməyə, fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov bildirib ki, vicdan azadlığının təmin edilməsinə yönəlmiş müvafiq qanunvericilik bazasının formalaşdırılması, onun mütəmadi olaraq təkmilləşdirilməsi və uğurlu tətbiqinə nail olunması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Dövlət tərəfindən bu sahədə düzgün və çevik qanunvericilik siyasətinin həyata keçirilməsi nəticəsində ötən müddət ərzində dini qurumların, xüsusilə ölkə əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dini təşkilatlarının cəmiyyət həyatındakı rolu keyfiyyətcə dəyişib və müasir, sivil dövlət-din münasibətlərinin tələb etdiyi bir səviyyəyə yüksəlib. S.Həsənov, eyni zamanda, dini icmaların qeydiyyatı zamanı yaranan bəzi problemlərə toxunub. O, dini icmaların nümunəvi Nizamnaməsinin yenilənməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra DQİDK-nın sektor müdiri Xalid Məmmədov geniş təqdimatla çıxış edib. Təqdimatında DQİDK-nın vəzifələri və hüquqları, eləcə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu barədə ətraflı məlumat verən X.Məmmədov dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması barədə də danışıb. O, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi və dövlət reyestri üçün zəruri məlumatların verilməməsi kimi aktual hüquqi problemlərə də toxunub.
Müşavirənin davamında ölkəmizdə dövlət-din münasibətlərinin milli maraqlarımız baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazasının zərurət yarandıqca təkmilləşdirilməsinin, hüquqi aktlara zəruri əlavə və düzəlişlər edilməsinin önəminə toxunulub, eləcə də bu sahədə görüləcək işlər müzakirə edilib.

Din 2018-06-29 12:38:00