×
A
A
A
Sazlamalar

Yaponiyanın “Nikkei Keizai” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib

Tokio, 27 iyun, AZƏRTAC

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə bu ölkənin nüfuzlu yapon dilli “Nikkei Keizai” qəzetində xüsusi məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, qəzetdə səfir Gürsel İsmayılzadənin “Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyi qeyd olunur” adlı məqaləsi və Bakı şəhərinə aid foto yer alıb.
Məqalədə AXC-nin 1918-1920-ci illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğu, 2018-ci ildə AXC-nin 100 illiyinin həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda xüsusi tədbirlərlə qeyd edildiyi vurğulanıb. Bildirilib ki, AXC müsəlman dünyasında qadınlara səsvermə hüququ vermiş ilk dünyəvi dövlət olub.
Vurğulanıb ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Azərbaycan xalqının böyük nailiyyətidir. Ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, dövlət bayrağı və digər dövlət atributları qəbul edilib, Azərbaycan dili rəsmi dil elan olunub, Silahlı Qüvvələr yaradılıb. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirlər də yer alıb.
Sonra 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və qısa zamanda sürətli inkişafa nail olmasından bəhs edilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

CÜMHURİYYƏT - 100 2018-06-27 18:51:00