×
A
A
A
Sazlamalar

“AzerGold” QSC yeni texnologiyaları nəzərdən keçirir

Bakı, 25 iyun, AZƏRTAC

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 iyun tarixlərində Şərqi Qazaxıstanda yerləşən mədən və metallurgiya zavodları ilə tanış olub. “Kazzinc” şirkətinin rəhbərliyi ilə Ust-Kameneqorsk şəhərində təşkil olunan görüşdə kadr hazırlığı, layihələrin idarə olunması, təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq haqqında memorandumun imzalanması perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti metallurgiya kompleksi, o cümlədən sink saflaşdırma, qurğuşunəritmə və misəritmə zavodlarının iqtisadi imkanları, istehsalat gücü və logistik fəaliyyəti haqqında ətraflı məlumat əldə edib.
Ridder şəhərinə təşkil olunan səfər çərçivəsində QSC-nin nümayəndələri “Kazzinc” şirkətinə məxsus Ridder metallurgiya kompleksində sink konsentratının emalı və qaynayan qatda bişirmə texnologiyası, Ridderdə “Dolinnı” mədənində möhkəmləndirmə olmadan mədən çıxarma üsulu, “Tişinski” və “Sokolnıy” mədənlərində isə dağ-mədən işlərində relssiz maşından istifadə edilməsi və horizontlar üzrə yeraltı mədən çıxarma üsulu ətrafında geniş fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətinin məhsuldar səfəri Semey şəhərində davam edib. “AzerGold” QSC-nin təmsilçiləri bu şəhərdə yerləşən, “Nordgold” şirkətinə məxsus dünyanın ən böyük mədənlərindən biri – “Suzdalın” fəaliyyəti ilə yaxından tanış olub. Mədəndə tətbiq olunan innovativ BIOX texnologiyası “AzerGold” QSC-nin nümayəndə heyətinin diqqətini cəlb edib, onun tətbiqi haqqında ətraflı məlumat əldə edilib.
Qeyd edək ki, səfər zamanı “AzerGold” QSC-nin fəaliyyəti, qısa müddət ərzində ixracda əldə etdiyi nailiyyətlər, tətbiq etdiyi texnologiyalar Qazaxıstan şirkətlərinin böyük marağına səbəb olub. Bununla yanaşı, Qazaxıstan şirkətlərinin Azərbaycana səfəri və “AzerGold” QSC-nin fəaliyyəti ilə yaxından tanış olmaları haqqında ilkin razılıq əldə olunub.

Sənaye 2018-06-25 12:43:00