×
A
A
A
Sazlamalar

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda DQİDK-nın, Prezident yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, Mədəniyyət Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən dini icma rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ölkəmiz artıq bütün dünya üzrə tolerantlıq nümunəsinə çevrilib. Bu gün Azərbaycanda müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılıb. Azərbaycanda heç vaxt antisemitizm hallarına rast gəlinmədiyini deyən S.Salahlı ölkəmizdə bütün dinlərin nümayəndələrinin azad şəkildə fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bildirib ki, ölkəmizdəki mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti çoxmillətli və çoxkonfessiyalı respublikamızı dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıdıb.
Səyyad Salahlı qeyd edib ki, Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülən “Bakı Prosesi”nin əsasında tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
Prezident İlham Əliyevin 2017-ci il 17 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə dinlərarası və millətlərarası dialoq üzrə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu qeyd edən Səyyad Salahlı Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinin respublikamızın mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisi olduğunu bildirib.
Sonra Mədəniyyət Nazirliyinin sektor müdiri Tamerlan Axundovun məruzəsi dinlənilib. “Bakı prosesi”nin yaranma tarixindən danışan T.Axundov bildirib ki, 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Konfransda “Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi” qəbul edilib. Vurğulanıb ki, ötən on il ərzində ölkədə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı dini icmaların mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması prosesindəki roluna toxunub. O, həmçinin qeyd edib ki, ölkəmizin sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi Azərbaycan dövlətinin üzərinə xüsusi öhdəliklər qoyur və dövlətimiz həmin vəzifələrin öhdəsindən kifayət qədər ustalıqla gəlir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Birləşmiş Millətlər Təşkilatı baş katibinin “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində “Bakı Prosesi”ni xüsusi vurğulamasının onun önəmini bir daha göstərdiyini bildirib. O, eyni zamanda, təmsil etdiyi qurumun “Bakı Prosesi” çərçivəsində həyata keçirdiyi layihələr barədə danışıb.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev qeyd edib ki, Azərbaycan Respublikasında dinlərarası əməkdaşlığın mövcudluğu respublika rəhbərliyinin siyasi uzaqgörənliyi ilə bağlıdır. Respublikamızda dinlərarası dialoqa, millətlərin tolerant mühitdə yaşamasına xidmət edən forumlarda dünyanın 100-dən artıq dövlətinin ictimai, siyasi xadimləri, Nobel mükafatı laureatları iştirak ediblər. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa və Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker çıxışlarında Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq miqyasda təbliği barədə danışıblar.

Din 2018-06-25 12:38:00