×
A
A
A
Sazlamalar

Azərbaycan şərabının ixracının 5 dəfə artırılması qarşıda duran əsas vəzifədir YENİLƏNİB

Bakı, 22 iyun, Ramiz Quliyev, AZƏRTAC 

Azərbaycanın "Spult" şirkəti şərabçılıqla bağlı komponent və materialların təchizatı üzrə ixtisaslaşıb. Bu komponentlərin şərabçılığın istehsalında istifadəsi onun keyfiyyətinə müsbət təsir edir. Sözügedən komponent və materiallar əsasən Avropadan gətirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 22-də "XXI əsrdə yüksək effektli biotexnologiyanın şərabçılıq sahəsində tətbiqi" mövzusuna həsr olunmuş seminarda "Spult" şirkətinin meneceri, Şərabçılıq Assosiasiyasının icraçı direktoru İlham İdayətov deyib.
Şirkət təmsilçisi qeyd edib ki, seminarın əsas məqsədlərindən biri “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlıdır. Vurğulanıb ki, şərab istehsalçılarının qarşısında duran başlıca vəzifələrdən biri də həmin müddət ərzində Azərbaycan şərabının ixracının 5 dəfə artırılmasıdır. Bu baxımdan “Spult” şirkətinin də üzərinə mühüm vəzifələr düşür.
İ.İdayətov çıxışında respublikada şərabçılığın inkişafı sahəsində görülən tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, ölkəmizdə şərabçılığın inkişafı istiqamətində Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” bu sahədə mövcud problemlərin həllinə, ölkədə müvafiq istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə və şərabçılığın gələcək inkişafına töhfə verəcək.
Bildirilib ki, şərab və şərabçılıq məhsullarının iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq, ölkədə şərabçılığın yeni inkişaf mərhələsinə keçirilməsi qarşıda duran əsas hədəflərdən biridir. Bu baxımdan, istehsal olunan məhsullar dünya bazarında rəqabətqabiliyyətli və qiymətinə görə münasib olmalıdır. “Hazırda ölkədə şərabçılıq sahəsində 38 müəssisə fəaliyyət göstərir. Onlardan 4-ü iri müəssisə olmaqla şərabın ixracı ilə məşğuldur, 12-si daxili tələbatı ödəyir, təqribən 16 müəssisənin fəaliyyəti isə şərab məhsullarının texnologiyası ilə əlaqədardır”.
Nəzərə çatdırılıb ki, bu ilin əvvəlindən Azərbaycan 1 milyon dekalitrdən artıq şərab istehsal edib, ondan da 375 min dekalitr xarici ölkələrə ixrac olunub. Şərab məhsullarının əsas ixracatçısı Rusiyadır. Bundan başqa, Azərbaycan şərabları Çin, Belarus, Ukrayna, Qazaxıstana, eləcə də Yaponiya, Koreya, Vyetnam, Almaniya və İngiltərəyə ixrac edilir.
Azərbaycanın yüksəkkeyfiyyətli şərabları beynəlxalq müsabiqələrdə 4 qızıl medal, 1 Qran-Pri, 8 gümüş, 7 bürünc medal alıb. Bu mükafatlara əsasən “Gəncə Şərab -2”, “Az-Granata”, “Şərq Ulduzu “ MMC və digər zavodlar layiq görülüb.
Seminarda məruzə ilə çıxış edən Rusiyanın “Yunayted Beveridjis Qrup” şirkətinin baş direktoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Nikolay Martınenko “Evrozayms” şirkətinin yüksəkkeyfiyyətli şərabın istehsalında istifadə etdiyi biotexnoloji preparatlardan onun sözügedən məhsulların keyfiyyətinə göstərdiyi müsbət təsirlərdən danışıb.
Azərbaycanda şərabçılığın qədim ənənələrə malik olduğunu söyləyən Nikolay Martınenko bildirib ki, respublikada üzümçülüyün, eyni zamanda, şərabçılıq məhsullarının yetişdirilməsi üçün ideal şərait mövcuddur. “Şərabçılıq ölkələrin iqtisadiyyatına xeyli gəlir gətirdiyinə görə, artıq digər dövlətlərdə də inkişaf etdirilməyə başlanılıb”,- deyən akademik qeyd edib ki, bu sahədə uğur qazanmaq və mövqeləri əldən verməmək üçün müasir texnologiyaların tətbiqinə daha geniş yer verilməli, yeniliklər tətbiq olunmalı, yeni sortlar yetişdirilməlidir.
Rusiyalı akademik diqqətə çatdırıb ki, müasir şərab istehsalında biotexnoloji preparatlardan istifadə günün tələbidir və bu isə əslində elmdir. Nəticə etibarı ilə isə şərabçılıq sahəsində maya və keyfiyyətli şərab üzümü, həmçinin yeni texnologiyalarsız yüksəkkeyfiyyətli şərabın istehsalı mümkün deyil.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Seminarda Azərbaycanın tanınmış şərabçılıq şirkətlərinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-0-XM

İqtisadiyyat 2018-06-22 10:21:00