×
A
A
A
Sazlamalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub

Bakı, 22 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Serbiya, Bolqarıstan, Əfqanıstan, Pakistan, Rusiya Federasiyasının Dağıstan, Tatarıstan respublikaları və Moskva şəhərinin insan hüquqları üzrə müvəkkilləri, Ombudsman aparatlarının nümayəndələri, Rumıniya Ombudsmanının müavini və Uşaq Ombudsmanı, Gürcüstan xalq müdafiəçisinin müavini ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son 15 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran, həmçinin sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminə malik dövlət olduğunu qeyd edib.
Hüquq bərabərliyinin bu sistemdə üstün prinsip kimi çıxış etdiyini vurğulayan nazir Beynəlxalq Əmək Təşkilatının 57 Konvensiyasına, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına, Dəyişdirilmiş Avropa Sosial Xartiyasına və digər mühüm beynəlxalq sənədlərə qoşulan ölkəmizdə əmək və sosial müdafiə sahələrində qanunvericiliyin mütərəqqi beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirildiyini bildirib. Qeyd olunub ki, sosial rifah xidmətlərindən yararlanma, əmək, məşğulluq və peşəyönümü sahəsində cinsi ayrı-seçkilik təzahürlərinə yol verilmədən bərabər imkanların yaradılması və s. hüquqlar milli qanunvericilikdə öz əksini tapıb. Hər kəsin əmək bazarında bərabər əsaslarla iştirakına şərait yaradılması və bu sahədə gender prinsipinin təminatı, gənclərin, əlilliyi olanların və sosial cəhətdən həssas digər qrupların əmək bazarına çıxışının dəstəklənməsi, inklüziv əmək bazarının inkişaf etdirilməsi sahəsində dövlət məşğulluq siyasəti həyata keçirilir.
Nazir ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, aktiv əmək bazarı proqramları, habelə aztəminatlı ailələrin yoxsulluqdan kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramı barədə məlumat verib, beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində və qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla əmək və sosial müdafiə sahələrində müasir və şəffaf sistemlərin yaradılması üçün aparılan islahatları, əldə olunan müsbət nəticələri diqqətə çatdırıb.
Xarici ölkələrin insan hüquqları üzrə müvəkkilləri əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrində insan hüquqları sisteminin mütərəqqi beynəlxalq normalara, sivil yanaşmalara və hüquq bərabərliyi prinsipinə uyğun təkmilləşdirilməsi ilə bağlı Azərbaycanın təcrübəsinin təqdirəlayiq olduğunu qeyd ediblər. Sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin təmin edilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması üçün aktiv məşğulluq tədbirlərinə, xüsusilə özünüməşğulluq proqramına cəlb olunmaları yönündə ölkəmizdə aparılan işlərin razılıq doğurduğu bildirilib.
Görüşdə qonaqların aidiyyəti məsələlərə dair suallarına cavablar verilib, əmək, məşğulluq, sosial müdafiə sahələrində insan hüquqlarının təminatı məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq sahələrdə islahatlarla bağlı ölkələrarası təcrübə mübadilələrinin qarşılıqlı fayda verə biləcəyi vurğulanıb.

Cəmiyyət 2018-06-22 06:55:00