×
A
A
A
Sazlamalar

Ömür qısa, incəsənət isə əbədidir

Əməkdar İncəsənət Xadimi Leyla Axundzadənin xatirəsi anılıb


Bakı, 21 iyun, Ceyhun Alışlı, AZƏRTAC
İyunun 21-də Muzey Mərkəzində tanınmış sənətşünas alim, Əməkdar İncəsənət Xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuş “Ömür qısa, incəsənət isə əbədidir” adlı tədbir keçirilib. Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq Rəssamı Səlhab Məmmədov sənətkarın yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycanda müasir incəsənətin inkişafı və təbliğində Leyla Axundzadənin müstəsna xidmətləri var. Onun təşkilatçılığı ilə keçirilən sərgilər heç də hamı tərəfindən birmənalı qarşılanmayan, bəzən tənqid doğuran, bəzən sonradan anlaşılan əsərlərin nümayişi üçün bir məkana çevrilib.
Qeyd edilib ki, sənətkarın fəaliyyətinin əsas istiqamətlərindən biri onun elmi araşdırmaları olub. Müasir incəsənətin problemlərindən bəhs edən, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Fransa, Almaniya, İtaliya və digər ölkələrdə çap olunan 40-dan çox məqalənin müəllifi kimi tanınan L.Axundzadənin milli incəsənətimizdə mənzərə janrının inkişafı barədə yazdığı namizədlik dissertasiyası (1984) Azərbaycan sənətşünaslığında hadisə kimi dəyərləndirilir. O, pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yaxşı təşkilatçı idi. L.Axundzadə bir sıra sərgilər, o cümlədən “Azərbaycan rəngkarlığı” (Vaşinqton, 1998), “Oriyentalizm daxildən və xaricdən” (Bakı, 2002), “Alüminium” I, II, III, IV beynəlxalq müasir incəsənət biennalelərini (Bakı, 2003, 2005, 2007, 2009), Moskva rəssamlarının “Metabəstəkarlar birliyi” (Bakı, 2005), “Simalar” - XX əsr fotoqrafiyası (Bakı, 2005), “Azərbaycan rəssamlarının sərgisi”ni (Moskva, 2006), “Qadın. Müharibə. Sülh” beynəlxalq təsviri sənət (Bakı, 2005), “5+” (Bakı, 2006), “Steps of time” (Drezden, 2009) və digər sərgiləri təşkil edib.
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sənətkarla bağlı xatirələrini bölüşüb, onu öz sənətinə sadiq ziyalı kimi səciyyələndirib: “Leyla Axundzadə haqqında keçmiş zamanda danışmaq olduqca çətindir. O, sözün əsl mənasında, ziyalı, eləcə də sənəti və şəxsiyyəti bir-birini tamamlayan insan idi. Daim yaradıcılıq axtarışında olan Leyla xanım fikir və ideyalarını asanlıqla izah edə bilirdi. Onun ömrü qısa olsa da, sənəti əbədi yaşayacaq”.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov və digərləri sənətkarın yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Sonra qonaqlar sənətkarın əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, L.Axundzadə (1953-2010) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq şöbəsini bitirib. 1975-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun təsviri sənət şöbəsində elmi işçi, 1990-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət tarixi kafedrasının müdiri, 2000-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri və professoru, 2006-2010-cu illərdə isə Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri vəzifələrində çalışıb. L.Axundzadə 2000-ci ildə “Zamanın Qanadları” Yaradıcılıq Assosiasiyasını təsis edib.

İncəsənət 2018-06-21 20:38:00