×
A
A
A
Sazlamalar

“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

Bakı, 21 iyun, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayonunun Masazır kəndindəki “Məzun evi” Sosial Müəssisəsinin sakinlərinin məşğulluğunun təminatı istiqamətində tədbirlər davam etdirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə müəssisədəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb.
Proqramın ilkin mərhələsi kimi, “Məzun evi”ndən üç nəfər proqramda iştirak etmək üçün kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlim kurslarına cəlb edilib. Onlar şirniyyat və un məmulatlarının istehsalı üzrə öz kiçik ailə təsərrüfatlarını qurmaq arzusundadırlar. Gənclər kursu başa vurduqdan sonra özünüməşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını yaratmaları üçün lazımi mal və materiallarla təmin olunacaqlar. “Məzun evi”nin digər sakinlərinin də gələcəkdə özünüməşğulluğunun təmin olunması üçün işlər aparılacaq.
“Məzun evi”nin iki yaşayış binasında dövlət uşaq müəssisələrinin məzunları olan valideyn himayəsindən məhrum 243 gənc mənzillə təmin olunub. Dövlət uşaq müəssisələrinin məzunları üçün hazırda müəssisədə daha bir yaşayış binasının inşası davam etdirilir.
Ötən dövrdə “Məzun evi”ndə yaşayan gənclərin əksəriyyəti yaşadıqları müəssisədə, həmçinin ətraf ərazilərdə olan digər müəssisələrdə daimi işlə təmin olunublar. “Məzun evi”ndə yaradılmış xalça və tikiş sexlərində 28 gənc işləyir. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan peşə hazırlığı kurslarında xalçaçılıq və tikişçilik üzrə bilik və bacarıqlara yiyələniblər.
Bu yaxınlarda Dövlət Məşğulluq Xidməti burada xalçaçılıq üzrə növbəti peşə hazırlığı kursunu təşkil edəcək və həmin kursa “Məzun evi”ndən 23 gənc cəlb olunacaq və kursu bitirdikdən sonra onların həmin peşə üzrə məşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq.

Sosial 2018-06-21 19:35:00