×
A
A
A
Sazlamalar

Əlcəzairin ədliyyə naziri Baş Prokurorluqda olub

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louh ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı qeyd olunaraq bu əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyevin və Əbdüləziz Buteflikanın xüsusi rolu vurğulanıb.
Baş prokuror ölkəmizin İslam və ərəb dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edərək, dövlətimizin başçısı tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması çərçivəsində dost Əlcəzair ilə ikitərəfli münasibətlərin inkişafı məqsədilə iki ölkənin Ədliyyə nazirlikləri tərəfindən imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin cari səfər çərçivəsində imzalanan ekstradisiya haqqında müqavilənin əlaqələrimizin inkişafında yeni təkan olduğunu vurğulayıb.
Qeyd olunub ki, Əlcəzairin ədliyyə naziri Tayeb Louhun dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun 2017-ci ildə nümayəndə heyəti ilə bu ölkədə səfərdə olması və Əlcəzairdən Azərbaycana nazir səviyyəsində ilk dəfə edilən bu səfər tarixi hadisə olmaqla münasibətlərimizin inkişafına, eyni zamanda, Anlaşma Memorandumu və ekstradisiya haqqında müqavilə iki ölkə arasında əməkdaşlığa dair imzalanan ilk sənədlər olmaqla müqavilə-hüquq bazasının təməlini qoyaraq, qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə dərinləşməsinə dəyərli töhfə olub.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən işlərə və qazanılan nailiyyətlərə böyük maraq göstərilərək, təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydası qeyd olunub.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən nazir Tayeb Louh respublikamızın hərtərəfli tərəqqisini qeyd edib, qarşılıqlı etimada əsaslanan Əlcəzair-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.
Nazir Azərbaycanda gedən proseslərdən məlumatlı olduğunu bildirərək, ölkəmizin sürətli inkişafında, əmin-amanlığın və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin müstəsna rolunu və xidmətlərini vurğulayıb. O, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərdiyini və bu islahatları təqdir etdiyini, öz ölkəsində də bu sahədə köklü islahatların aparıldığını bildirib. Nazir Tayeb Louh hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bunun üçün qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, korrupsiyaya qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Sosial 2018-06-21 19:25:00