×
A
A
A
Sazlamalar

Tanınmış alim Mail Amanov ölkəmizdə üzümçülüyün inkişafı istiqamətində dəyərli tədqiqatların müəllifidir

Mehdiabad, 21 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
İyunun 21-də Abşeron rayonu Mehdiabad qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ETİ) tanınmış alim, kənd təsərrüfatı elmləri doktoru Mail Amanovun 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanda üzümçülük və şərabçılığın inkişaf istiqamətləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru, texnika elmləri doktoru Tariyel Pənahov ölkəmizdə üzümçülük və şərabçılığın inkişafında ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərini qeyd edib. Vurğulanıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib.
İnstitutun direktoru rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, son illərdə Üzümçülük və Şərabçılıq ETİ-nin fəaliyyəti nəticəsində respublikada üzümçülük və şərabçılığın elmi əsaslarının mahiyyət etibarilə durmadan təkmilləşdirildiyini, metodik cəhətdən yeniləşdirildiyini deyib və perspektivdə görülməli işlərdən söz açıb. O, zəngin ənənələrə malik elm ocağının Azərbaycan aqrar elmi-tədqiqat sistemində mühüm yeri olduğunu, respublikamızda üzümçülük və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırıb.
T.Pənahov 1995-ci ilin iyulundan 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru vəzifəsində çalışmış M.Amanovun həmin dövrdə ölkəmizdə üzümçülüyün inkişaf etdirilməsi istiqamətində dəyərli tədqiqatlar apardığını, respublika iqtisadiyyatının strateji sahəsi olan üzümçülüyün və onun emalı sənayesinin 2002-2010-cu illər üçün inkişaf konsepsiyasını işləyib hazırladığın bildirib. Qeyd olunub ki, M.Amanov Azərbaycanda üzüm genofondunun toplanmasına və qorunub saxlanmasına böyük diqqət yetirib. Məhz onun təşəbbüsü ilə 2002-2003-cü illərdə 15 hektar sahədə 310 yerli və gətirilmə üzüm sortundan ampelorafik kolleksiya bağı salınıb. Bu kolleksiyanın genofondun qorunması baxımından dünyəvi əhəmiyyətə malik fond olduğunu qeyd edən T.Pənahov hazırda həmin bağın ərazisinin artiq 22 hektara çatdırıldığın vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru Cavanşir Təlai, Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsi müdirinin müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Rəfail Mahmudov, Əkinçilik Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Azər Şükürov, iqtisadçi- ekspert Arzu Qafarlı və başqaları ölkəmizdə üzümçülüyün inkişafı sayəsində ildən-ilə artan ümumi gəliri heç bir başqa sahələrdə, hətta pambıqçılıq və heyvandarlıq sahələrində belə əldə etmək mümkün olmadığın diqqətə çatdırıblar. Məhz üzümçülükdə olan potensial imkanları qabaqcadan duyan ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlarda bu sahənin hərtərəfli və sürətli inkişafını qarşıya əsas məqsəd qoyaraq qısa vaxtda sahəni ittifaq respublikaları arasında birinci yerə çıxarıb. Bildirilib ki, Ümummilli Liderin kənd təsərrüfatı sahəsində vaxtilə həyata keçirdiyi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən başqa sahələrlə yanaşı, aqrar sahədə də uğurla inkişaf etdirilir.
Çıxış edənlər respublikada üzümçülüyün potensialı, gələcək inkişaf perspektivləri və bu sahənin elmi cəhətdən öyrənilməsinə töhfələr verən, Azərbaycanda üzümçülüyün inkişafı istiqamətində dəyərli tədqiqatların müəllifi M.Amanovun fəaliyyətini yüksək dəyərləndiriblər. Yabanı üzümə aid bir çox elmi məqalə və monoqrafiyaların müəllifi, görkəmli alim M.Amanovla bağlı maraqlı xatirələrini bölüşənlər onun yüksək insani keyfiyyətlərini, dərin biliyini, zəhmətkeşliyini, elmi təşkilatçılıq qabiliyyətini xüsusi vurğulayıblar.
Tədbirin sonunda mərhum alimin qızı, iqtisad elmləri doktoru, professor Xatirə Hüseynova M.Amanovun veb-saytını təqdim edib.

Regionlar 2018-06-21 19:22:00