×
A
A
A
Sazlamalar

Naxçıvanda ISESCO-nun “Yaşıl şəhər strategiyası”nın həyata keçirilməsi ilə bağlı ekspertlərin görüşü olub

Naxçıvan, 21 iyun, AZƏRTAC

“Yaşıl şəhər strategiyası”nın həyata keçirilməsi ilə bağlı ekspertlərin görüşündən əvvəl tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində muxtar respublikanın zəngin təbiətini özündə əks etdirən kitablardan, şəkillərdən, bukletlərdən ibarət sərgiyə baxışdan sonra birinci texniki sessiya olub.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaşıl şəhər strategiyası” üzrə eksperti Araz Bağırlı ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb, görüşün əhəmiyyətini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “Yaşıl şəhərlər”i üçün ISESCO-nun Fəaliyyət Planı layihəsinin təqdimat mərasimində təşkilatın “Yaşıl şəhər strategiyası” üzrə eksperti Foued El Aynı görüşün məqsədi, gözlənilən nəticələr barədə danışıb, səmimi qarşılanma və yüksək qonaqpərvərlik üçün minnətdarlığını bildirib.
“Naxçıvanın ekoloji mühitinin qorunması” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov qeyd edib ki, muxtar respublika ərazisində ən mühüm ekoloji amil kimi regionun təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq, yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Ərazisinin 25 faizdən çoxu meşə ilə örtülü olan ölkələrdə ekoloji mühit daim əlverişli, təbiət hadisələri, sellər, daşqınlar, torpaq sürüşmələri və eroziya prosesləri daha zəif olur. Xüsusilə regionumuzdakı meşələrin I qrup, yəni yalnız mühafizə-qoruyucu funksiyalı olması bu əhəmiyyəti daha da artırır. Muxtar respublika ərazisində kəskin kontinental iqlim şəraitinin mövcud olması, günəşli günlərin çoxluğuna baxmayaraq, meşələrin qorunması ilə bərabər, yeni meşələrin, yaşıllıqların, meyvə bağlarının salınmasını da zəruri edir. Bu baxımdan yaşıllıqların salınması, yeni ağacların əkilməsi müasir dövrdə strateji istiqamət kimi qəbul edilir.
Bildirilib ki, Naxçıvan şəhərində hələ keçmiş zamanlardan kütləvi yaşıllıq sahələrinin qorunduğu ərazilər mövcuddur. Məsələn, şəhərdəki ən böyük yaşıllıq massivlərindən biri el arasında “Böyük bağ” adlanan ərazidir. Tarixi mənbələrə görə, bu bağ 100 il əvvəl salınıb. Hazırda burada iki əsrə şahidlik edən yüzlərlə meşə ağacı var. Şəhərin cənub-qərb istiqamətində yerləşən Əcəmi seyrəngahında da yaşı çox olan ağaclara rast gəlmək mümkündür. Son illər hər iki ərazidə abadlaşdırma tədbirləri ilə yanaşı, yeni ağacların əkilməsinə də diqqət xeyli artırılıb. Ümumiyyətlə, ötən dövrdə şəhərin bütün park və küçələrində, idarə, təşkilat və müəssisələrin ərazilərində yeni ağaclar əkilib, xüsusilə şəhər ətrafında yeni bağlar salınıb, meşə massivləri yaradılıb.
“Ümumilikdə, son 25 ildə muxtar respublika ərazisində 17 min hektardan çox sahədə toxum və ting əkini ilə yeni yaşıllıqlar, meyvə bağları, meşə massivləri salınıb, təbii bərpa hesabına yaşıllıq ehtiyatları 35 min hektardan çox artıb. Hazırda muxtar respublikanın ümumi ərazisinin 14 faizə qədəri yaşıllıqlarla örtülüb” - deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri vurğulayıb ki, Naxçıvan şəhərinin əhalisi hazırda 100 min nəfərə yaxın, ərazisi isə 19 min hektardır. Şəhər ərazisində, ümumilikdə, 850 hektara yaxın yaşıllıq var və adambaşına düşən yaşıllıq 85 kvadratmetr təşkil edir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli qərarına müvafiq olaraq, Naxçıvan şəhəri əhalisinə (yüz minə yaxın) görə orta şəhərlərə aid edildiyindən, faktiki yaşıllıq sahəsi normadan (adambaşına 7 kvadratmetr) 12 dəfə çoxdur. Burada müasir tələblərə uyğun olaraq yaradılan infrastruktur, yeni tikililər ətrafında qoruyucu yaşıllıqların salınması, İslam mədəniyyəti, təbiətə dövlət qayğısı, alternativ bərpaolunan enerji ehtiyatlarından səmərəli istifadə edilməsi kimi amillər yaşı minilliklərlə ölçülən Nuh yurdu doğma Naxçıvanımızın yaşıllıq potensialının zənginləşməsinə və dünyada Yaşıl şəhər kimi ön sıralarda yer alacağına əminlik yaradıb.
Sonra Misir Ərəb Respublikasının “Yaşıl şəhər strategiyası” üzrə eksperti Mohsen Abouelnaga ISESCO-nun “Yaşıl şəhərlər və onların davamlı inkişaf məqsədlərinin əldə olunması ilə əlaqəsi üzrə Fəaliyyət Planı layihəsi” sənədinin təqdimatını edib. Ekspert tədbir iştirakçılarına bu planın həyata keçirilməsində əsas çağırışların müəyyən edilməsi barədə ətraflı məlumat verib.
Nahar fasiləsindən sonra ikinci sessiya keçirilib. Bu sessiyada üzv ölkələrin – Azərbaycan, Türkiyə, Özbəkistan və Tacikistanın təcrübələrinin təqdimatı olub, müzakirələr keçirilib, tövsiyələr səsləndirilib.
Qeyd edək ki, iyunun 22-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “Yaşıl şəhərlər”i üçün ISESCO-nun Fəaliyyət Planı layihəsinin panel müzakirələri keçiriləcək.

Regionlar 2018-06-21 18:59:00