×
A
A
A
Sazlamalar

Qazaxda dini maarifləndirmənin təşkili ilə bağlı ikigünlük seminar-treninq öz işinə başlayıb

Bakı, 21 iyun, AZƏRTAC 

İyunun 21-də Qazaxda rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-treninqdə rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, eləcə də rayonun məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra hakimiyyəti başçısının müavini Gulaya Həsənova rayondakı dini durum və dini icmaların fəaliyyətləri haqqında məlumat verib, dini maarifləndirmə tədbirlərinin təşkil olunmasını yüksək qiymətləndirib.
DQİDK sədrinin müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizm haqqında məlumat verərək, onlara qarşı mübarizə üsullarından danışıb. Bildirib ki, İslam Azərbaycanda yayılmağa başladığı dövrdən indiyədək bu dinin radikal, humanizmdən kənar prinsiplərə əsaslanan hansısa təbliğat apara bilməyib. Bunun əsas səbəbi xalqımızın etnik xüsusiyyətləri, yüksək mənəviyyatı və mədəniyyəti ilə bağlıdır. O qeyd edib ki, istənilən cəmiyyətdə məişət səviyyəsində xurafat elementlərinə rast gəlmək olar. Bəzən bu elementlər dinlə əlaqələndirilsə də əslində, dinə heç bir aidiyyəti yoxdur. Sədr müavinin sözlərinə görə, elm-təhsil olmayanda din xurafata çevrilir. Təhsil, elm və din paralel addımlamalı, bir-birlərinə qarşı qoyulmamalıdır.
Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Cəmiyyət 2018-06-21 18:23:00