×
A
A
A
Sazlamalar

Xəzər dənizi vasitəsilə ölkəyə narkotik vasitənin gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 21 iyun, AZƏRTAC

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitə və dərman preparatlarının qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fakt Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında aşkarlanıb.
Gömrük əməkdaşları Bakı Hövsan Beynəlxalq Dəniz Limanında İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn “NILOUFAR ABI” adlı, IMO 8704456 qeydiyyat nömrəli yük gəmisinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirib.
Baxış zamanı, gəmi kapitanının baş köməkçisi işlədiyi bildirilən İran vətəndaşı Eshrati Seyed Alireza Seyed Yadollah oğluna məxsus kabinədə, masanın üstündə gömrük nəzarətinə bəyan edilməmiş, üzərində “Aluminium/Magnesium/Simethicone” yazısı olan şüşə qabda 30 milli litr həcmində və üzərində heç bir yazı olmayan plastik qabda 245 milli litr həcmində tiryək məhlulu, üzərində farsca yazı olan plastik qutuda isə 1 ədəd metadon və 2 ədəd tramadol tərkibli həblər aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən tiryək məhlulu kustar üsulla hazırlanıb və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi təmiz çəkisi 5,665 qram təşkil edir.
Aşkar edilən 1 ədəd həbin dörddə bir hissəsinin metadon, 2 ədəd həbin hər birinin ikidəbir hissəsinin tramadol tərkibli dərman preparatı olduğu müəyyən edilib.
Bir ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram, iki ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edir.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na, tramadol isə “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-06-21 17:52:00