×
A
A
A
Sazlamalar

Rus dili və ədəbiyyatı üzrə X olimpiadaya yekun vurulub

Bakı, 6 iyun, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə X olimpiadaya yekun vurulması münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, olimpiadanın təşkilatçıları - Rusiya Federasiyasının Azərbaycan Respublikasında səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası olub.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov qeyd edib ki, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə olimpiada bu ilin yanvar ayından may ayınadək keçirilib. Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib.
Nəticədə 170 iştirakçı olimpiadanın qalibi olub. V.Denisov deyib: “Azərbaycanda rus dilinin dəstəklənməsinə görə biz həmişə ümummilli lider Heydər Əliyevə minnətdar olacağıq”. O qeyd edib ki, Azərbaycanda rus dilinə həmişə hörmətlə yanaşıblar. Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir yazırdı: “Rus dilini bilməmək bir növ mədəniyyət xəzinəsinin açarını itirməyə bənzəyir”.
Sonra videoçarx nümayiş etdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva videoçarxda ucsuz-bucaqsız mədəni qaynağa aparan yol kimi rus dilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
RF-nin Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə - iyunun 6-da qeyd edilən Beynəlxalq Rus Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov, BSU-nun rektoru Nurlana Əliyeva olimpiadanın qaliblərini təbrik edərək onlara böyük uğurlar diləyiblər.
Sonda konsert olub. Konsertdə beynəlxalq müsabiqələr laureatı Əli Muradov, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Atilla Məmmədov, Bakıdakı Nizami və Nəsimi rayonlarının uşaq yaradıcılıq evlərinin rəqs kollektivləri, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin klarnetçilər kvarteti, BSU-nun “Arzu” gənclər ansamblı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə çıxış ediblər.
Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər, pedaqoji ictimaiyyətin təmsilçiləri təntənəli mərasimin fəxri qonağı olublar.

Elm və təhsil 2018-06-06 17:09:00