×
A
A
A
Sazlamalar

Azərbaycan Çində keçirilən beynəlxalq xalça sərgisində təmsil olunur

Bakı, 5 iyun, AZƏRTAC

Çinin Sinin şəhərində Çinqay Beynəlxalq Xalça Sərgisi keçirilir. Sərginin məqsədi qədim, ənənəvi və müasir üslubda toxunmuş xalçaların nümayiş etdirilməsi və xalça istehsalı ilə məşğul olan şirkətlərin Çin bazarı üzrə marşrutunun genişləndirilməsindən ibarətdir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə 50-dən çox ölkədən xalça sahəsində aparıcı assosiasiyaların, beynəlxalq nəşrlərin və şirkətlərin nümayəndələri iştirak edirlər.
Beynəlxalq sərgidə ölkəmizin müxtəlif bölgələrinə aid ənənəvi xalça nümunələri, milli geyimlər, zərgərlik inciləri, eləcə də xalça toxuma texnikası nümayiş etdirilir. Bir sıra ölkələrin nümayəndələri tərəfindən keçirilən ustad dərslərində Qarabağın zəngin xalça mədəniyyəti və xovlu xalça texnikası göstərilir. Azərbaycan guşəsinə böyük maraq göstərən yerli və xarici ziyarətçilərə, eləcə də media nümayəndələrinə ölkəmizin qədim adət-ənənələrindən irəli gələn xalça sənəti və onun xalqımızın gündəlik həyatındakı rolu haqqında dolğun məlumatlar verilir.
Sərgi çərçivəsində keçirilmiş “dəyirmi masa” və konfransda Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin nümayəndələri fəal iştirak edərək, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.

İncəsənət 2018-06-05 19:25:00