×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyi süd emalı zavodunda monitorinq keçirib

Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi daşıyan monitorinqlər çərçivəsində "Kürdəmir Süd Emalı Zavodu" MMC-də olublar.
Agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müəssisə əməkdaşlarına süd və süd məhsullarının qida zəncirinin yüksək risk dərəcəsinə malik sahəsi olduğu və bu istiqamətdə təhlükəsizliyin təmin olunması ilə bağlı qarşıya qoyulan tələblər haqqında geniş məlumat verilib.
Müasir standartlara cavab verən, rəqabətədavamlı süd məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının təşkilində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb. Monitorinq zamanı müəssisə əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirmə xarakterli monitorinqlərini davam etdirir.

Sənaye 2018-06-01 11:21:00