×
A
A
A
Sazlamalar

Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Bakı, 31 may, AZƏRTAC

Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə şəhərin simvolu olan İsa Məsih abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan-Braziliya diplomatik əlaqələrin 25 illiyinə həsr edilmiş tədbir keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İsa Məsih abidəsinin rəhbəri Padre Omar Raposo de Souza çıxış edərək iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsini arzulayıb.
Səfir Elxan Poluxov çıxış edərək ölkəmiz, Azərbaycan Xalq Cümhuriyyəti, iki ölkə arasında mövcud olan dostluq münasibətləri barədə məlumat verib və tədbirin ərsəyə gəlməsində rolu olanlara təşəkkürünü bildirib.
Sonra Fortaleza Santa Kruz hərbi dəniz qüvvələrinin orkestri Azərbaycanın dövlət himnini ifa edib və İsa Məsih abidəsi ölkəmizin dövlət bayrağı rənglərində işıqlandırılıb.
Sonda orkestr görkəmli bəstəkar Müslüm Maqomayevin “Əziz Anam - Azərbaycan” mahnısını ifa edib.

Siyasət 2018-05-31 04:39:00