Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sumqayıt Texnologiyalar Parkı öz Sosial media kanalında tarixi müsabiqə keçirir

Bakı, 25 may, AZƏRTAC

Sumqayıt Texnologiyalar Parkı tarixi müsabiqə təşkil edib.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib.
Sumqayıt Texnologiyalar Parkı MMC-dən AZƏRTAC-a bildirilib ki, milli dəyərlərimizə həmişə hörmətlə yanaşan Sumqayıt Texnologiyalar Parkı (STP) MMC belə bir tarixi hadisəyə biganə qala bilməzdi. Tariximizi yenidən vərəqləmək, bildiklərimizi təkrarlamaq və yeni biliklər qazanmaq məqsədilə STP öz Sosial media kanalında Cümhuriyyətin 100 illiyi münasibətilə intellektual müsabiqə keçirir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə edilmiş uğurları, hərb sənəti, memarlığı, tarixi şəxsiyyətləri, incəsənəti, dünya ölkələri ilə münasibətləri, imza atdığı “ilklər” və başqa sahələri özündə əks etdirən müsabiqə zamanı 1000-dən çox sual səsləndiriləcək. Hər sual 4 variantdan ibarət olacaq. 120 saniyə ərzində iştirakçılara sual sayı ilə bağlı heç bir limit qoyulmur. Bir sözlə həm bilikli, həm də sürətli olan qazanacaq.
Suallara cavab verən hər şəxsin adına sonda Cümhuriyyət tərəfindən elektron fəxri fərman təqdim ediləcək. Bundan əlavə ən yüksək bal toplamış 5 iştirakçı STP-dən Cümhuriyyət tarixini özündə əks etdirən dəyərli hədiyyələr qazanacaq. Müsabiqənin qalibləri isə mayın 29-30-da elan ediləcək.
Qeyd edək ki, 2009-cu ildən fəaliyyətə başlayan Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə edilib. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

Sənaye 2018-05-25 14:50:00